Gənc taekvondoçumuz Avropa birinciliyinin qalibi oldu
Xəbər verdiyimiz kimi Kipr Respublikasının Larnaka şəhərində taekvondo idman növü üzrə gənclər arasında Avropa birinciliyi keçirilir.
BrendSport.az saytı taekwondo.az-a istinadən xəbər verir ki, yarış ilk günü milli yığma komandamız uğura imza atıb. Belə ki, -45 kq çəki dərəcəsində mübarizəyə qatılan Bəhruz Quluzadə rəqiblərinə şans verməyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Bəhruz qarşılaşdığı Belçika (28:17), Böyük Britaniya (14:9), Rusiya (11:3) və Gürcüstan (10:10---qızıl xal) təmsilçilərini yarışdan kənarlaşdırıb. Final döyüşündə rusiyalı Dmitro Şişkoya da qalib gələn həmyerlimiz yarışın qızıl medalını qazanıb.
Qeyd edək ki, Bəhruz Quluzadə 2015-ci ildə Fransada təşkil edilən yeniyetmələr arasında Avropa birinciliyin qızıl mükafatına da sahib olmuşdur.
Nəzərinizə çatdıraq ki, sayca 21-ci olan və 2-5 noyabr tarıxlərində düzənlənən Avropa birinciliyində gənclərdən ibarət milli yığma komandamız 18 (10 oğlan və 8 qız) taekvondoçu ilə təmsil olunur. Baş məşqçi Məmməd Abdullayev və böyük məşqçi Zahid Məmmədovun yetirmələrinin də qatıldığı yarış Larnaka şəhərinin “Kision Athletic Center” arenasında keçirilir.
Facebook-da paylaş