Mandela, Pele, Salah, Ramos həqiqətləri...
Tahir Süleymanov
"Real" azarkeşi Ramosun tərəfində, Salahın göz yaşları dünyanı sarsıdır, Karvahalın ağlamasına fikir verən yoxdur. Vaxtilə Pele müdafiəçi təpiklərinə meydanda çox qıvrılıb, Mandela düşündüyü həqiqət yolunda 27 il türmədə yatıb.
Hərənin öz "həqiqəti", tərəfkeşliyi, emosiyası, subyektiv yanaşması...
Həqiqət birdir, Tanrıya məxsusdur. Hərənin öz həqiqəti ola bilməz, subyektiv, fərdi yanaşması ola bilər. Bu fikir Tanrı həqiqəti ilə üst-üstə düşürsə, deməli doğru fikirdir. Planetdə yaşayan 7 milyardın hər birinin ayrı-ayrılıqda həqiqəti olsaydı, dünyanı xaos bürüyərdi. Onsuz da bürüməkdədir.. Hər bir insanın həqiqəti yox, haqqı, yaşamaq, fikir bildirmək hüququ var.
Həyatın mənəvi tərəflərii itməməlidir, itirilməməlidir. Mənəviyyat olmayan yerdə həqiqət olmaz. Bu, bizdən, hər birimizdən asılıdır. Bir futbol oyunu bu qədər fikir ayrılığına gətirib çıxarırsa, hərə öz "həqiqət"ni axtarır, bir olan həqiqətə can atmırsa, dünyaya gələcək fəlakətlər bitməyəcək, tükənməyəcək...
N.Mandela haqq mübarizəsi apardı, ömrünü buna həsr etdi, ölkəsini azad gördü. Soydaşları nə etdi? Bu gün Cənubi Afrikada oğurluq səviyyəsi aparteid diktaturasından qat-qat yüksəkdi, müqayisə olunmazdı...
Cəmiyyət olaraq bir olan həqiqətə can atmayınca Pelenin ayağının qırılmasından tutmuş Salahın göz yaşlarına qədər çox "həqiqət"lər, Ramos kimilərin meydanda Messi, Neymarlara qarşı çox "at oynatma"lırını görəcəyik. Bu tipli futbolçular dünya futboluna gözəllik gətirmir. Təsəvvür edin, meydanda Pele, Maradona, Ronaldo, Messilər deyil, yalnız Pepe kimilər oynayır. Belə futbola kim baxar, kim zövq alar?!
Üzdən yanaşma, tərəfkeş mövqe həqitəti üzə çıxara bilməz. Mənəvi olaraq hər bir insan bunu dərk etməlidir.
Futbol bir oyundur. Oyun olmaqla yanaşı milyonlarla insanı bir araya gətirmək gücünə malikdir. Mənəvi olaraq futbolun dəyərini bilək, futbolun gözəlliyini qoruyaq...
Facebook-da paylaş