Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Luis Hamilton Formula 1 üzrə 1000-ci Qran-Prinin qalibi olub



Aprelin 14-də Çinin Şanxay şəhərində keçirilən Formula 1 üzrə 1000-ci Qran-Pri “Mersedes” komandasının böyük qələbəsi ilə başa çatıb.

BrendSPort.az xəbər verir ki, bu komandanın pilotları – britaniyalı Luis Hamilton və finlandiyalı Valtteri Bottaş finiş xəttinə müvafiq olaraq birinci və ikinci çatıblar. Üçüncü yeri isə “Ferrari”nin almaniyalı pilotu Sebastian Fettel tutub.

Cari mövsümün üçüncü Qran-Prisində Luis Hamilton 56 dövrəni 1 saat 32 dəqiqə 6,350 saniyəyə qət edib. Onun komanda yoldaşı Valtteri Bottaş finiş xəttinə liderdən 6,552 saniyə gec çatıb. Sebastian Fettel isə liderə 13,744 saniyə fərqlə uduzub.

“Toro Rosso”nun pilotu Daniel Kviat və “Reno”nun sürücüsü Niko Hülkenberq mübarizəni başa çatdıra bilməyiblər.

Cari mövsümün ilk iki Qran-Prisi də “Mersedes” komandasının qələbəsi ilə başa çatıb. Belə ki, martın 17-də Avstraliya Qran-Prisində Valtteri Bottaş, martın 31-də Bəhreyn yarışında isə Luis Hamilton qalib gəliblər.

Beləliklə, üç Qran-Pridən sonra pilotların yarışına 44 xalla Valtteri Bottaş liderlik edir. Luis Hamilton ondan 1 xal geri qalır. “Red Bull Racing Honda”nın hollandiyalı pilotu Maks Ferstappen 27 xalla üçüncü, “Ferrari”nin Monakodan olan sürücüsü Şarl Lekler isə 26 xalla dördüncü pillədə qərarlaşıblar.

Konstruktorların yarışında isə “Mersedes” komandası 130 xalla birinci sıradadır. İkinci yerdə qərarlaşan “Ferrari” komandasının 73, üçüncü pillədəki “Red Bull Racing Honda”nın 52 xalı var.

Formula 1 üzrə dünya çempionatının növbəti – dördüncü Qran-Prisi aprelin 26-28-də Bakıda keçiriləcək. Bu mötəbər yarışla əlaqədar Bakıda artıq son hazırlıq işləri görülür.

AZƏRTAC-ın arayışı: Formula 1-in yubiley Qran-priləri

1961-ci ildə Almaniyanın Nyurburqrinq trasında keçirilən 100-cü Qran-Pridə “Lotus” komandasının pilotu Stirlinq Moss qalib gəlib. On il sonra Monakoda keçirilən 200-cü yarış “Tyrrell”in üzvü Ceki Styuartın qələbəsi ilə yekunlaşıb. 300-cü Qran-Priyə 1978-ci ildə Cənubi Afrika Respublikası ev sahibliyi edib. Kyalami trekində təşkil olunan yarışda “Lotus”un pilotu Ronni Peterson fərqlənib. 1984-cü ildə Avstriyanın Tseltveq şəhərində baş tutan növbəti yubiley yarışında “McLaren”in sürücüsü Niki Lauda birinci olub. Formula 1-in 500-cü Qran-Prisi 1990-cı ildə Avstraliyanın Adelaida şəhərində keçirilib və qələbə sevincini “Benetton” komandasının üzvü Nelson Pike yaşayıb. 1997-ci ildə Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən 600-cü yarışda “Williams” komandasının pilotu Jak Vilnev qalib gəlib. 2003-cü ildə Braziliyanın “İnterlaqos” avtodromu 700-cü Qran-Priyə ev sahibliyi edib. Yarışın qalibi isə “Jordan” komandasından Cankarlo Fizikella olub. “Renault”un pilotu Fernando Alonso 2008-ci ildə Sinqapurda 800-cü yürüşdə fəxri kürsünün ən yüksək pilləsində yer alıb. 2014-cü ildə Bəhreyndə təşkil olunan 900-cü Qran-Pri “Mercedes”in britaniyalı pilotu Luis Hamiltonun qələbəsi ilə başa çatıb. Formula 1 üzrə 1000-ci Qran-Pridə də qələbə qazanan Luis Hamilton iki yubiley Qran-Prisinin qalibi olan ilk pilot kimi tarixə düşüb.



AZƏRTAC


Facebook-da paylaş

Xəbəri paylaş