Formula 1 Azərbaycan Qran-Prisinə bilet satışına start verilib
Gələn il Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisinə bilet satışına oktyabrın 22-də start verilib.
BrendSport.az xəbər verir ki, “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) marketinq və kommunikasiya departamentinin rəhbəri Nigar Arpadarai yarışa hazırlığın plana uyğun davam etdiyini bildirib. Qeyd edib ki, Formula 1 azarkeşləri cari ilin sonuna qədər biletləri 20 faizədək endirimlə Bakının 13 satış məntəqəsindən əldə edə bilərlər.
BŞH-nin kommersiya üzrə rəhbəri Bülent Özərdim yerli sakinlər üçün əlavə 25 faizlik endirimin tətbiq olunduğunu diqqətə çatdırıb. Qeyd edib ki, yerli sakinlər kateqoriyasına şəxsiyyət vəsiqəsinə sahib hər bir Azərbaycan vətəndaşı və ölkədə müvəqqəti yaşama icazəsi olan xarici vətəndaşlar daxildirlər. Dördgünlük biletlər azarkeşlərə trekdə üç gün ərzində davam edəcək yarışlarla yanaşı, həmin günlər ərzində trekdən kənarda baş tutacaq əyləncə tədbirlərinə qatılmaq, həmçinin iyunun 4-də Pit Yolu yürüşündə iştirak etmək imkanı verir. Ötən dörd il ərzində Bakıda keçirilmiş yarışlarda bu bənzərsiz təcrübəni yaşamış azarkeşlər Formula 1 komandalarının qarajlarına səfər edərək mühəndis və mexaniklərin pilotları ən unudulmaz yarışlardan birinə necə hazırladıqlarının şahidi olmaq imkanını əldə ediblər.
Qeyd olunub ki, BŞH dördgünlük biletlər üçün təklif olunan endirim kampaniyasından əlavə 2-15 yaşlı uşaqlar üçün də xüsusi güzəştlər təqdim edir. Bu kampaniya yalnız dördgünlük biletlərə aiddir. Həmçinin azyaşlılar üçün olan dördgünlük biletlər ancaq böyüklər üçün olan müvafiq biletlərlə birgə satılır. Yarış məkanına daxil olarkən etibarlı şəxsiyyət vəsiqəsinin təqdim edilməsi tələb oluna bilər. Yarışı ayaqüstü zonalardan izləmək istəyənlər bu zonalara olan birgünlük biletləri əldə edə bilərlər.
AZƏRTAC
Facebook-da paylaş