Növbəti Formula-1 Azərbaycan Qran-Prisi üçün bilet satışında yerli sakinlərə xüsusi endirimlər təklif olunur
Bu il Bakıda Formula-1 Azərbaycan Qran-Prisi uğurla təşkil olundu. Ötən ilə nisbətən daha çox azarkeş bu mötəbər yarışı izlədi. 2018-ci il Formula-1 Azərbaycan Qran-Prisində azarkeşlər üçün daha çox sürprizlər olacaq.
Bu sözləri “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) marketinq və kommunikasiya departamentinin rəhbəri Nigar Arpadarai gələn il təşkil olunacaq Formula-1 Azərbaycan Qran-Prisinə biletlərin satışa çıxarılması ilə əlaqədar noyabrın 6-da keçirilən mətbuat konfransında deyib.
N.Arpadarai bildirib ki, bu ilin yayında Bakıda gərgin idman mübarizəsinin və böyük sürprizlərin fonunda baş tutmuş möhtəşəm yarış Formula-1 dünyasında böyük əks-səda doğurdu. Biz hələ də bu yarış barədə Formula-1 həvəskarlarından məktublar alırıq. Bu məktublarda onlar növbəti yarışda hökmən iştirak edəcəklərini bildirirlər. Bu, o deməkdir ki, gələn il Bakıya əvvəlkindən daha çox avtoidman azarkeşi gələcək.
BŞH-nin kommersiya şöbəsinin rəhbəri Bülənt Özərdim vurğulayıb ki, hər ötən il Azərbaycan Qran-Prisinə həm beynəlxalq, həm də yerli ictimaiyyət arasında maraq getdikcə artır. Çalışırıq ki, növbəti möhtəşəm yarışı Bakıda canlı izləmək istəyən hər kəs üçün yeni imkanlar təqdim edək. Bu baxımdan bu il müxtəlif bilet seçimləri təklif olunur. Həmçinin sırf yerli sakinlər üçün də xüsusi endirimlər təklif edilir.
“Məqsədimiz ölkəmizdə Formula-1 həyəcanını cəmiyyətin bütün təbəqələri arasında yayaraq Bakıda keçiriləcək əyləncəli anlarla zəngin olan möhtəşəm yarış həftəsonuna daha çox insan cəlb etməkdir. Fürsətdən istifadə edərək hamını ilkin endirim kampaniyasından yararlanmağa dəvət edirəm. Çalışın, indi təklif olunan ən sərfəli qiymətlər fürsətini əldən verməyin və dərhal bilet alaraq növbəti yarış həyəcanına indidən qoşulun”, - deyə Bülənt Özərdim əlavə edib.
Mətbuat konfransda qeyd edilib ki, 2018-ci il Formula-1 Azərbaycan Qran-Prisinə biletlərin satışına əlverişli qiymətlərlə start verilib. Noyabrın 6-dan dekabrın 31-dək həm xarici, həm də yerli avtoidman həvəskarları biletləri 20 faiz endirimli qiymətlərlə əldə edə bilərlər. Bundan başqa, sırf yerli sakinlərə əlavə 25 faizlik endirim də tətbiq olunur. Yerli sakinlər kateqoriyasına şəxsiyyət vəsiqəsinə sahib hər bir Azərbaycan vətəndaşı və ölkədə müvəqqəti yaşama icazəsi olan xarici vətəndaşlar daxildir.
İlkin endirim kampaniyası yalnız tribunaya olan və aprelin 26-29-da keçiriləcək yarışlara dördgünlük biletlər üçün keçərlidir. Hər bir tribunada bu kampaniya üçün məhdud sayda yer ayrılıb. Azyaşlılar üçün alınan dördgünlük biletlər də bu kampaniyaya daxildir. Azyaşlılar kateqoriyası yarış həftəsonu zamanı 2-16 yaşlarında olan yeniyetmələri əhatə edir. Azyaşlılar üçün biletlər ayrılıqda satılmır, yalnız böyüklər üçün biletlərlə birlikdə satılır. Böyüklər kateqoriyasına yarış həftəsonu ərəfəsində yaşı 16-dan çox olanlar aiddir. Bu kateqoriyaya aid hər bir şəxs özündən başqa ən çox iki azyaşlı bileti ala bilər. Azyaşlılarla yanaşı, 25 faizlik endirimdən yararlanan yerli sakinlər də yarış həftəsonu ərzində idman məkanlarına daxil olarkən şəxsiyyəti təsdiq edən sənədi göstərməlidirlər.
İlkin endirim kampaniyası müddətində yerli sakinlər dördgünlük biletlərin qiyməti tribunadan asılı olaraq, 160-600 manat arasında dəyişir. Azyaşlılar üçün bu qiymət müvafiq olaraq 120-420 manat təşkil edir. Bu kampaniya ərəfəsində dördgünlük biletlərə əlavə olaraq, ayaqüstü zonalara birgünlük bilet almaq mümkün olacaq. Bu zonalara birgünlük biletlərin qiyməti cümə günü üçün 60, şənbə günü üçün 100, bazar günü üçün isə 150 manatdır.
Gələn il yanvarın 1-dən biletlərin satışı yalnız xarici vətəndaşlar üçün tam qiymətlər üzərindən aparılacaq. Yerli sakinlər üçün nəzərdə tutulmuş 25 faizlik endirim qüvvədə qalacaq. Həmçinin 2018-ci ilin ilk günündən etibarən yeni bilet seçimləri satışda olacaq.
Gələn il Formula-1 Azərbaycan Qran-Prisi aprelin 27-29-da keçiriləcək.
Azərtac.az
Facebook-da paylaş