Bolqarıstan klubunun baş məşqçisi: Bakıya qələbə ümidi ilə gəlmişdik

Bizim üçün çox vacib görüş idi. Oyunçular bu gün özlərini çox yaxşı tərəfdən göstərdilər. Cavab matçında da belə istəkli oyun nümayiş etdirəcəyimizə inanıram.
BrendSport.az xəbər verir ki, bu sözləri Bolqarıstanın MOİK (Sofiya) klubunun baş məşqçisi Hristo Yanev UEFA Avropa Liqasının II təsnifat mərhələsində “Qarabağ”la qolsuz heç-heçə etdikləri ilk oyundan sonra təşkil olunmuş mətbuat konfransında deyib.
Mütəxəssis hər zaman planlaşdırdıqları oyunu sərgiləyə bilmədiklərini deyib: “Sadəcə istəyirik ki, cavab görüşündə daha yaxşı çıxış edək və növbəti mərhələyə vəsiqə qazanaq. Hər rəqibə qarşı fərdi şəkildə hazırlaşırıq. Bu gün bəzi futbolçularımızın zədələri ilə bağlı problemləri var idi. Buna görə də onlar meydanda risk etmək istəmədilər”.
Hristo Yanev “Qarabağ”ın güclü komanda olduğunu vurğulayıb: “Həmvətənlərimiz də bunu yaxşı başa düşürlər. Bu səbəbdən heç-heçə bizim üçün yaxşı nəticədir. Rəqib çox güclü oynayırdı. İkinci hissədə futbolçularıma daha diqqətli olmağı tapşırdım. Buna görə də fasilədən sonra daha çox müdafiəyə meyilli oyun nümayiş etdirdik”.
Baş məşqçi əlavə edib ki, Bakıya qələbə qazanmaq ümidi ilə gəliblər: “Cavab görüşündə bunu reallaşdırmaq üçün əlimizdən gələni edəcəyik”.
Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması iyulun 30-da Sofiyada olacaq. Bu cütün qalibi "Şerif" (Moldova) - "Makkabi" (Təl-Əviv, İsrail) duelinin güclüsü ilə üz-üzə gələcək.
Facebook-da paylaş





















