Polis əməkdaşları arasında silahsız özünümüdafiə üzrə yarış keçirilib
Daxili İşlər Nazirliyinin (DİN) İdman Cəmiyyətində polis əməkdaşları arasında silahsız özünümüdafiə üzrə çempionat keçirilib.
DİN-in mətbuat xidmətindən BrendSport.az -a bildiriblər ki, yarışın açılış mərasimində çıxış edən Olimpiya, dünya və Avropa çempionu, İdman Cəmiyyətinin sədri, polis polkovniki Zemfira Meftaxetdinova şəxsi heyətin fiziki hazırlığının daha da artırılması, silahsız özünümüdafiə fənlərinə daha yaxşı yiyələnmələri məqsədilə keçirilən yarışın əhəmiyyətini vurğulayıb. O, Azərbaycanın dünyada güclü idman ölkəsi kimi tanımasında beynəlxalq miqyasda uğurlar qazanan daxili işlər orqanları əməkdaşlarının da əməyini qeyd edib. 2018-ci ilin idman yekunlarına həsr olunan tədbirdə dövlətimizin başçısı tərəfindən təltif edilənlər arasında polis əməkdaşlarının və cəmiyyətin yetirmələrinin olmasını xüsusi vurğulayan Z.Meftaxetdinova bunu polis idmançılarının əməyinə verilən layiqli qiymət kimi dəyərləndirib.
Yarışda Bakı ilə yanaşı, respublikanın Gəncə və Sumqayıt şəhər, rayon polis baş idarə, idarə və şöbələrinin, Daxili Qoşunların baş idarəsinin, nizami hissə və tədris müəssisələrinin əməkdaşları bacarıqlarını nümayiş etdiriblər. On bir komandanın heyətində 90-dək əməkdaşın iştirak etdiyi yarışda ilk üçlükdə Əlahiddə Çevik Polis Alayının, DİN Daxili Qoşunlarının baş idarəsinin və Sumqayıt Şəhər Polis İdarəsinin komandaları qərarlaşıb.
Yarışların idarə olunmasında polis polkovnik-leytenantları Elnur Həsənov, Oruc Munirov, Mahir Əhmədov, Seymur Qurbanbəyov, polis mayoru Zaur Məcidov, polis kapitanları Aydın Həşimov, Dəyanət Ağayev, əməkdar məşqçilər Hikmət Hacıyev və Rəsul Məmmədov iştirak ediblər.
Mükafatlandırma mərasimində çıxış edən DİN İdman Cəmiyyətinin idmanın təşkili bölməsinin rəisi, polis polkovnik-leytenantı Mülayim Xıdırov əməkdaşların hazırlıq səviyyəsinin yüksək olmasını, polis idmançılarımızın təcrübələrini ildən-ilə artırdıqlarını diqqətə çatdırıb. M.Xıdırov paytaxtla yanaşı, bölgələrdə də ərazi polis orqanlarının şəxsi heyəti ilə mütəmadi qaydada aparılan fiziki hazırlıq məşğələlərinin səmərəliliyinin artırılmasının, əməkdaşların silahsız özünümüdafiə fəndlərinə daha yaxşı yiyələnmələrinin daim diqqət mərkəzində saxlanıldığını deyib.
Facebook-da paylaş