Fiqurlu konkisürmə üzrə dördqat Olimpiya mükafatçısı, üçqat dünya və yeddiqat Avropa çempionu Yevgeni Pluşenko yenidən Bakıdadır

Təcrübəli mütəxəssis Bakıda keçirilən fiqurlu konkisürmə üzrə təlim-məşq toplanışına qatılıb.
BrendSport.az xəbər verir ki, Heydər Əliyev adına İdman-Konsert Kompleksinin Buz Arenasında təşkil edilən təlim-məşq toplanışı aprelin 24-dən 28-dək davam edib. Toplanış çərçivəsində, aprelin 27-də və 28-də təcrübəli mütəxəssis Yevgeni Pluşenko Azərbaycanda fəaliyyət göstərən “Ocaq” və “Tamis” fiqurlu konkisürmə idman klubları üçün də master-klas keçib.
Bu gün keçirilən məşqlərdən sonra Olimpiya çempionu ölkəmizdə fiqurlu konkisürmənin inkişafı ilə bağlı fikirlərini bölüşüb:
"Mən Azərbaycan komandasının bir hissəsi olmağıma çox şadam. Qış İdman Növləri Federasiyası məni idmançılara, fiqurlu konkisürmə idman növü üzrə yığma komandaya kömək etmək üçün dəvət edib. Artıq bir həftədir ki, buradayıq. Uşaqlarla və Azərbaycan yığma komandası ilə çalışırıq. Düşünürəm ki, yaxşı komanda formalaşacaq və mərhələli şəkildə yaxşı nəticələr olacaq.
Çox şadam ki, Gənclər və İdman Nazirliyi, eləcə də Azərbaycan Qış İdman Növləri Federasiyası tərəfindən burada hər şey yüksək səviyyədə təşkil olunub. Onu da qeyd edim ki, Emin Ağalarovla birlikdə yaxın gələcəkdə “Sea Breeze”də konkisürmə məktəbinin, hokkey məktəbinin, eləcə də buz arenasının yaradılmasını planlaşdırmışıq. Həmçinin fiqurlu konkisürməni də inkişaf etdirəcəyik. Buna görə də Bakıya, Azərbaycana tez-tez gələcəyəm. Şəxsən mən Azərbaycanı təmsil edən bir neçə idmançıya məşq keçirəm.
Yaxın zamanda yenidən görüşəcəyik. Təxminən ay yarımdan sonra yenidən burada olacağam və uşaqlarla tam master-klasım, təlim-məşqim olacaq. Yeri gəlmişkən, uşaqların sayı çoxdur və fikirləşirəm Azərbaycanda konkisürmə idman növünü inkişaf etdirmək lazımdır. Hazırda istədiyimiz yüksək mərhələdə olmasaq da, birlikdə çalışaraq buna nail ola bilərik. Buna görə də arzu edən hər kəsi uşaqlarını fiqurlu konkisürmə ilə peşəkar məşğul olması üçün gətirməyə dəvət edirəm. Biz komandamızla birlikdə burada çalışaraq fiqurlu konkisürməni daha yüksək səviyyəyə qaldırmağa çalışacağıq. Məncə, bu yaxşı xəbərdir".
Qeyd edək ki, hazırda ölkəmizdə qış idman növlərinin inkişafı istiqamətində atılan addımlar sayəsində bu idman növlərinə maraq artmaqdadır.











Facebook-da paylaş





















