Karate üzrə muxtar respublika birinciliyi və çempionatı keçirilib

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Karate Federasiyasının birgə təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş karate üzrə uşaqlar, yeniyetmələr və gənclər arasında Naxçıvan Muxtar Respublika birinciliyi və çempionatı keçirilib.
BrendSport.az xəbər verir ki, dekabrın 7-də Naxçıvan şəhərində yerləşən İlham Əliyev adına Olimpiya İdman Kompleksində yarışın rəsmi açılış mərasimi baş tutub. Əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, ardınca Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının gənclər və idman nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Məcid Seyidov ölkəmizdə idmana göstərilən dövlət qayğısından bəhs edib, o cümlədən Naxçıvanda karate idman növünün hazırkı inkişaf səviyyəsindən məmnunluğunu ifadə edib. Qeyd edilib ki, Naxçıvandan olan kareteçilər milli komandamızın heyətində ölkəmizi layiqincə təmsil edərək dünya arenalarında uğurlu nəticələr əldə edirlər, yeni nəsil idmançıları yüksək gələcək vəd edirlər. İştirakçılara uğurlar arzulayan nazir müavini əlavə edib ki, bu cür turnirlərin keçirilməsi idmançıların fiziki hazırlığı, özünəinamı və iradə keyfiyyətlərinin formalaşmasında mühüm rol oynayır.
Azərbaycan Karate Federasiyasının baş katibi Qabil Sayadov çıxışında ölkəmizdə karatenin inkişafı, beynəlxalq yarışlarda qazanılan son uğurlardan və federasiyanın strateji hədəflərindən söz açıb. O, regionlarda karatenin yüksəlişinə xüsusi önəm verildiyini, Naxçıvanın bu sahədə nümunəvi nəticələr göstərən bölgələrdən biri olduğunu bildirib. Baş katib vurğulayıb ki, yerli idmançıların son illərdə müxtəlif miqyaslı yarışlarda əldə etdikləri nailiyyətlər Azərbaycan karatesinin gələcəyinə olan inamı daha da artırır.
Rəsmi çıxışlardan sonra tamaşaçılar "Qapıcıq" Karate-do İdman Klubunun idmançılarının hazırladığı nümunəvi çıxışları izləyiblər. Daha sonra yarışa start verilib.
İdmançılar karatenin kumite növündə bacarıqlarını nümayiş etdiriblər. 6 yaş kateqoriyasında 27 çəki dərəcəsi üzrə 100-dən çox iştirakçı medallar uğrunda mübarizə aparıb. İlk üç yerin sahibləri diplom, medal və hədiyyələrlə təltif olunub.
Yarış, həmçinin, karate idmanının uşaqlar və yeniyetmələr arasında təbliği, sağlam həyat tərzinin təşviqi və istedadlı gənclərin aşkar edilməsi baxımından mühüm əhəmiyyət kəsb edib.





Facebook-da paylaş





















