Amasiya rayon minifutbol turnirinin final oyunu keçirilib, İlanlı komandası çempion olub

Oktyabrın 26-da Qərbi Azərbaycan İcmasının və rayon icmalarının təşəbbüsü və təşkilatçılığı ilə Amasiya rayon minifutbol çempionatında final qarşılaşması keçirilib.
BrendSport.az xəbər verir ki, minifutbol çempionatının bağlanışında Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri, icma üzvləri və gənclər iştirak ediblər.
Turnirin bağlanış mərasimində əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhidlik zirvəsinə ucalmış Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra Qərbi Azərbaycan İcmasının Amasiya rayonu üzrə sədri Abel Məhərrəmov çıxış edərək finalçılara uğurlar arzulayıb. O, belə yarışların icmanın birliyinin göstəricisi olduğunu qeyd edib və Qərbi Azərbaycana sülh şəraitində geri qayıdış ideyasının bundan sonra da davam etdiriləcəyini vurğulayıb.
Daha sonra çempionatın bağlanış mərasimində konsert proqramı təqdim olunub. Ardınca təxminən iki aya yaxın davam edən turnirin finalında İlanlı və Ellərkənd icmalarının komandaları üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən qarşılaşmada İlanlı komandası qalib olub.
Mükafatlandırma mərasimi ilə çempionat yekunlaşıb.
Xatırladaq ki, sentyabrın 7-də start götürən minifutbol çempionatında Çivinli, Daşkörpü, Düzkənd, Ellərkənd, Güllübulaq, Güllücə, İlanlı, Mağaracıq, Qaraçanta və Quzukənd komandaları iştirak ediblər.
Qeyd edək ki, Qərbi Azərbaycanın Amasiya rayon icmasını təmsil edən gənclərdən ibarət 10 komandanın iştirak etdiyi turnirin keçirilməsində məqsəd Qərbi Azərbaycana qayıdış ideyası ətrafında icma üzvlərinin sıx birləşməsi, gənclər arasında kommunikasiya, sağlam həyat tərzinin təşviqi, icmanın fəaliyyətində kütləviliyin artırılması və sağlam cəmiyyətin formalaşmasına dəstək verməkdir.





Facebook-da paylaş





















