Voleybol üzrə Azərbaycan çempionatının açılışı olub
Bakı İdman Sarayında voleybol üzrə Azərbaycan çempionatının 2023-2024-cü illər mövsümünün açılış mərasimi keçirilib.
BrendSport.az xəbər verir ki, tədbirdə Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov, vitse-prezident Faiq Qarayev, Avropa Voleybol Konfederasiyasının (CEV) prezidenti Aleksandar Boriçiç, vitse-prezidenti Renato Arens, Türkiyə Voleybol Federasiyasının prezidenti Mehmet Akif Üstündağ, Bolqarıstan Voleybol Federasiyasının prezidenti Lyubomir Qanev iştirak ediblər.
Əvvəlcə çempionatda iştirak edəcək komandalar ictimaiyyətə təqdim olunub.
Sonra ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Mərasimdə çıxış edən Avropa Voleybol Konfederasiyasının prezidenti Aleksandar Boriçiç Azərbaycanda keçirilən voleybol üzrə milli çempionatın başlaması münasibətilə təbriklərini çatdırıb. O bildirib: “Azərbaycan bir çox beynəlxalq yarışlara yüksək səviyyədə ev sahibliyi edib. Azərbaycan Prezidenti tərəfindən voleybola göstərilən diqqət və qayğı təqdirəlayiqdir. Uzun fasilədən sonra biz yenidən Bakıda voleybol yarışını izləyirik”.
Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov çıxışında iştirakçılara uğurlar arzulayıb. O qeyd edib ki, Azərbaycanda çox gözəl voleybol ənənələri olub. Ölkəmizdə hər zaman təcrübəli voleybolçular yetişib. Bundan sonra da Azərbaycanda voleybolun inkişafı istiqamətində işlər görüləcək.
Tədbirə videokonfrans vasitəsilə qoşulan Azərbaycanın sabiq voleybolçusu İnna Rısqal ölkə voleybolu barədə fikirlərini bölüşüb, dövlətimizin başçısının idmana göstərdiyi diqqət və qayğıdan danışıb.
Çıxışlardan sonra Azərbaycanın qədim rəqs adət-ənənələrini əks etdirən kompozisiyalar təqdim olunub, mahnılar səsləndirilib. Həmçinin Azərbaycan voleybolunun tarixi ilə bağlı videoçarx nümayiş etdirilib.
Facebook-da paylaş