Pekində Qış Olimpiya Oyunlarının məşəl estafeti başlayıb
Fevralın 2-də növbəti Qış Olimpiya Oyunlarının Pekində məşəl estafetinin son mərhələsi başlayıb.
BrendSport.az saytı xəbər verir ki, Pekindəki “Olimpiya meşəsi” parkında təşkil olunan mərasimdə dövlət rəsmiləri, atletlər, Olimpiya könüllüləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
“Pekin-2022” Qış Olimpiya Oyunlarına hazırlıq üzrə idarəedicilər qrupunun rəhbəri, Çin Baş nazirinin müavini Han Cen məşəli alovlandırıb və onu estafetin ilk iştirakçısı, Çinin qış idman növlərindən ilk dünya çempionu, 80 yaşlı veteran idmançı Luo Cihuna ötürüb. Bununla da 24-cü Qış Olimpiya Oyunlarının məşəl estafetinin sonuncu - Pekin estafeti rəsmən başlayıb.
Devizi “Sağlamlıq-sevinc-enerji” olan estafet “Pekin-2022”nin yarışlarının təşkil olunacağı arenalardan keçəcək və sonda fevralın 4-də Olimpiya Oyunlarının açılış mərasimi üçün Milli Stadiona (“Quş yuvası”) gətiriləcək.
Xatırladaq ki, “Pekin-2022” Qış Olimpiya Oyunlarının məşəli ötən il oktyabrın 20-də Afinadan Çinin paytaxtına gətirilib. Qış Olimpiya Oyunları fevralın 4-dən 20-dək Pekində və yaxınlıqdakı Canciaokou şəhərində keçiriləcək. Bununla da Pekin həm yay, həm də qış Olimpiya Oyunlarına ev sahibliyi edən ilk şəhər kimi tarixə düşəcək. “Pekin-2022” medal dəstlərinin sayına görə ən böyük Qış Olimpiya Oyunları olmaqla yanaşı, COVID-19 pandemiyası dövründə keçirilən 2-ci Olimpiya oyunlarıdır.
Azərbaycanı Olimpiadada fiqurlu konkisürənlər Vladimir Litvintsev və Yekaterina Ryabova təmsil edəcəklər.
AZƏRTAC
Facebook-da paylaş