Tokioda Olimpiya Oyunlarının məşəl estafeti başa çatıb
İyulun 23-də Tokio Yay Olimpiya Oyunlarının açılış mərasimi ərəfəsində Yaponiyanın paytaxt prefekturasında yarışların məşəl estafeti başa çatıb.
BrendSport.az xəbər verir ki, bununla əlaqədar təntənəli mərasim Tokio meriyasının binası qarşısında keçirilib.
Qeyd edək ki, estafetin son mərhələsi iyulun 9-da başlayıb və 15 gün davam edib. Tokioda koronavirusla əlaqədar vəziyyət gərgin olduğuna görə estafetlə əlaqədar tədbirlərin hamısı qapalı şəraitdə, tamaşaçılarsız keçirilib. Estafetin sonuncu məşəlini Kabuki teatrının tanınmış aktyoru Kankuro Nakamuro daşıyıb.
Təntənəli mərasimdə çıxış edən Tokio qubernatoru xanım Koike Yuriko deyib: “Ölkə sakinlərinin böyük əməyi sayəsində Olimpiya məşəli Yaponiyanın bütün rayonlarını dolaşıb. Bu, sizin xidmətinizdir. Biz səbirsizliklə bu gün axşam Oyunların açılışını gözləyirik”.
Qubernator yarışların uğurlu alınacağına və idmançıların yüksək göstəricilərə nail olacağına inandığını da əlavə edib.
Bu gün axşam məşəl Olimpiya Oyunlarının rəsmi açılış mərasiminin baş tutacağı Milli Olimpiya Stadionuna çatdırılacaq. Məşəli kimin daşıyacağı barədə isə hələlik məlumat verilmir.
Xatırladaq ki, Tokio Olimpiadası 2020-ci il iyulun 24-dən avqustun 9-dək keçirilməli idi. Lakin koronavrius pandemiyasına görə yarışlar bir il müddətinə təxirə salınıb. Təşkilatçıların qəbul etdiyi qərara görə, yarışlar əcnəbi tamaşaçılarsız keçiriləcək, Tokioda və daha altı prefekturada da yerli sakinlər idman obyektlərinə buraxılmayacaqlar. Olimpiya Oyunlarının rəsmi açılış mərasimi də tamaşaçılarsız baş tutacaq. Burada cəmi 950 nəfər rəsmi nümayəndənin iştirakı nəzərdə tutulur.
Facebook-da paylaş