Yaponiyanın daha bir şəhəri Olimpiya məşəli estafetini küçələrdə keçirməkdən imtina edib
Yaponiyanın Ehime prefekturasında yerləşən Matsuyama şəhəri də Olimpiya məşəli estafetinin ictimai yollarda keçirilməsinə qadağa qoyub.
BrendSport.az xəbər verir ki, bu barədə prefekturanın qubernatoru Tokihiro Nakamura mətbuat konfransında bəyan edib.
“Biz Matsuyama şəhərindəki ictimai yollarda Olimpiya məşəli estafetinin keçirilməməsi barədə qərar qəbul etdik. Buna görə biz şəhər sakinlərindən üzr istəyirik. Lakin nəzərə alın ki, biz, ilk növbədə, koronavirusla bağlı vəziyyəti nəzərə alaraq bu addımı atdıq və səhiyyə sisteminə düşəcək yükdən ehtiyat edirik”, - deyə qubernator bildirib.
Qeyd edək ki, məşəl estafeti Ehime prefekturasında aprelin 21-də və 22-də keçiriləcək. Matsuyama şəhərində estafet aprelin 21-də keçirilməli idi.
Xatırladaq ki, Yaponiyada Olimpiya məşəli estafeti martın 25-də Fukusima prefekturasında yerləşən “J-Village” təlim-məşq bazasının ərazisində başlayıb. Ümumilikdə 121 gün davam edəcək estafetdə 10 mindən çox qaçışçının iştirakı nəzərdə tutulub. Estafetin 47 prefekturada yerləşən 859 bələdiyyənin ərazisindən keçəcəyi bildirilir.
AZƏRTAC
Facebook-da paylaş