Sərbəst güləşçimiz Hacı Əliyev Tokio Olimpiadasının finalına yüksəlib
Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev (65 kq) Tokio Olimpiadasının finalına yüksəlib.
BrendSport.az xəbər verir ki, idmançımız finala vəsiqə uğrunda görüşdə Hindistan təmsilçisi Bacranq Bacranq ilə qarşılaşıb. Görüş Azərbaycan pəhləvanının 12:5 hesablı qələbəsi ilə başa çatıb. Bununla da idmançımız ən azı gümüş medalı təmin edib.
Güləşçimizin finaldakı rəqibi yaponiyalı Takuto Otoquro olacaq.
Olimpiadada mübarizəyə səkkizdəbir final mərhələsindən başlayan Hacı Əliyev birinci görüşdə seneqallı Adama Diattaya qalib gəlib – 4:0. Güləşçimiz dörddəbir finalda Qazaxıstan idmançısı Daulet Niyazbekovu 9:1 hesabı ilə məğlub edib.
Dünya və Avropa çempionatlarının üçqat qalibi olan otuz yaşlı Hacı Əliyev “Rio-2016” Olimpiya Oyunlarının bürünc mükafatçısıdır. Bakıda keçirilən I Avropa Oyunlarında bürünc medala sahib olan idmançımız dörd il sonra “Minsk-2019”da aktivinə qızıl medal yazdırıb. O, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının da çempionu adını qazanıb.
Xatırladaq ki, hazırda Azərbaycan milli komandasının hesabında üç bürünc medal var. Medalları ölkəmizin aktivinə cüdoçu İrina Kindzerska, boksçu Alfonso Dominges və yunan-Roma güləşçisi Rafiq Hüseynov yazdırıblar.
Facebook-da paylaş