Tokio Olimpiadası zamanı stadionlara buraxılacaq tamaşaçıların sayı 5 mindən çox olmayacaq
Tokio Yay Olimpiya Oyunlarının təşkilatçıları yarışlar zamanı stadionlarda tamaşaçı sayının 5 minədək müəyyənləşdirilməsini planlaşdırırlar.
BrendSport.az xəbər verir ki, bu barədə Kyodo agentliyi rəsmi mənbələrə istinadla məlumat yayıb. Bildirilir ki, Olimpiya Oyunlarının təşkilatçıları bu barədə yekun qərarı iyulun 8-də qəbul edəcəklər.
Xatırladaq ki, iyulun 2-də Kyodo agentliyi təşkilatçıların iyulun 8-də keçiriləcək onlayn-görüşündə paytaxt regionunda koronavirusla bağlı vəziyyətin ağırlaşdığı şəraitdə tamaşaçıların sayı barədə məsələni müzakirə edəcəklərini bildirib. Həmin görüşdə Yaponiya hökumətinin, Tokio administrasiyasının, Beynəlxalq Olimpiya Komitəsinin (BOK) və Olimpiadanın təşkilat komitəsinin nümayəndələrinin iştirak edəcəyi gözlənilir.
Qeyd edək ki, iyunun 21-də tamaşaçı limitinin 10 min həddində müəyyənləşməsi, bununla yanaşı, idman obyektlərindəki yerlərin 50 faizdən çox tutulmaması barədə limit təyin edilib. Agentlik ölkədə koronavirusla əlaqədar vəziyyət gərginləşdiyinə görə, Yaponiya hökumətinin və təşkilatçıların yarışların bu sayda tamaşaçılarla təşkilində çətinlik çəkəcəyini qeyd edir.
Tokio Olimpiadasının 2021-ci il iyulun 23-dən avqustun 8-dək keçirilməsi nəzərdə tutulur. Olimpiadaya əcnəbi tamaşaçılar buraxılmayacaqlar.
Facebook-da paylaş