Tokio Olimpiya və Paralimpiya Oyunları sadələşdirilmiş variantda keçirilə bilər
Yaponiya hökuməti və Tokio Olimpiya və Paralimpiya Oyunlarının təşkilatçıları bütün dünyada yayılmış koronavirus pandemiyasına görə yarışların sadələşdirilmiş variantda təşkilini müzakirə edirlər.
BrendSport.az xəbər verir ki, bu barədə iyunun 4-də Tokionun qubernatoru Yuriko Koike bildirib.
“Biz müxtəlif variantları müzakirə edirik, onların arasında rasional və sadələşdirilmiş format da var. Bununla bağlı vətəndaşlarımızın razılığını almaq niyyətindəyik”, - deyə xanım qubernator bildirib.
Qeyd edək ki, bu ərəfədə nüfuzlu “Yomiuri shimbun” qəzeti hökumətin yarışları tam formatda keçirmək niyyətində olduğunu, lakin hələ də davam edən koronavirus pandemiyasına görə oyunların sadələşdirilmiş variantda təşkilinin müzakirə edildiyini bildirib. Bununla əlaqədar stadionlardakı tamaşaçıların sayının azaldılacağı da qeyd edilib.
Əlavə olaraq bildirilir ki, Yaponiya tərəfi yalnız idmançılar və komandaların digər üzvləri üçün deyil, həmçinin tamaşaçıların da testdən keçirilməsini planlaşdırır. Bununla yanaşı, idmançıların yaşayacağı Atletlər Kəndi daxilində hərəkətin məhdudlaşdırılması da nəzərdə tutulur.
Xatırladaq ki, “Tokio 2020” Olimpiya və Paralimpiya Oyunları cari il iyulun 24-dən avqustun 9-dək keçirilməli idi. Lakin koronavirus pandemiyasına görə yarışların vaxtı gələn ilə dəyişdirilib.
AZƏRTAC
Facebook-da paylaş