Beynəlxalq Olimpiya Komitəsi “Tokio 2020”nin gələn il keçirilməsi barədə qərar qəbul edildi
Martın 24-də Beynəlxalq Olimpiya Komitəsi (BOK) koronavirus pandemiyasına görə “Tokio 2020” Yay Olimpiya və Paralimpiya oyunlarının gələn il keçirilməsi barədə qərar qəbul edib.
BrendSport.az xəbər verir ki, bu barədə BOK-un mətbuat xidməti məlumat yayıb.
Xatırladaq ki, “Tokio 2020” Olimpiya Oyunları cari il iyulun 24-dən avqustun 9-dək keçirilməli idi. Martın 24-də Yaponiyanın Baş Naziri Şinzo Abe ilə BOK-un prezidenti Tomas Bax arasında telefon danışığı zamanı hökumət rəhbəri qlobal koronavirus pandemiyasına görə Olimpiadanın 2021-ci ildə təşkil olunmasını təklif edib.
Məlumatda deyilir: “Dünya Səhiyyə Təşkilatının bu gün təqdim etdiyi informasiya əsasında BOK prezidenti Tomas Bax və Yaponiyanın Baş Naziri Şinzo Abe Tokioda təşkil ediləcək Olimpiya Oyunlarının idmançıların, həmçinin bütün iştirakçıların və beynəlxalq ictimaiyyətin sağlamlığını qorumaq üçün 2020-ci ildən sonra, lakin 2021-ci ilin yayından gec olmamaq şərtilə keçirilməsi barədə razılığa gəliblər”.
BOK-un İcraiyyə Komitəsi üzvlərinin razılığına əsasən, Olimpiya alovu Yaponiyada saxlanacaq. Həmçinin yarışlar “Tokio 2020” Olimpiya və Paralimpiya oyunları adı altında keçiriləcək.
Facebook-da paylaş