Ağırlıqqaldırma Federasiyasının prezidenti: Avropa birinciliyində qazanılan nəticə bizi sevindirir

Azərbaycan Ağırlıqqaldırma Federasiyasının (AAF) prezidenti Kamran Nəbizadə Kosovonun Priştina şəhərində keçirilmiş Avropa birinciliyində 15 medal qazanan komanda üzvləri ilə görüşüb.
BrendSport.az xəbər verir ki, Kamran Nəbizadə yığmanın məşqçiləri, idmançılar və komandanın həkim heyətinin iştirak etdiyi görüşdə Azərbaycanda idmanın inkişafının hər zaman prioritet istiqamətlərdən olduğunu vurğulayıb.
O qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən idmançıların, xüsusilə də yeniyetmələrin sağlam mühitdə formalaşmasına böyük həssaslıqla yanaşılır, Ali Baş Komandanın aşıladığı qalib ruhun daşıyıcıları məhz bu gənclər və yeniyetmələrdir.
Daha sonra Avropa birinciliyindəki çıxışına görə hər bir idmançıya təşəkkürünü bildirən Kamran Nəbizadə onlardan gələcəkdə daha böyük uğurlar gözlədiyini diqqətə çatdırıb: “Medal qazanan və Avropa birinciliyində iştirak edən hər bir idmançı ilə qürur duyuruq. Elə idmançılar oldu ki, onları medaldan 1-2 kiloqram çəki ayırdı. Bu gün qazanılan nəticə bizi sevindirir amma əlbəttə ki, inkişaf etməli, daha çox çalışmalıyıq. Burada məşqçilərimizin üzərinə böyük məsuliyyət düşür. Onların seçimi, işi düzgün qurması nəticəsini körpücükdə göstərir. Demək ki, çalışdıqca kəmiyyəti keyfiyyətə çevirmək mümkün olur. Əlbəttə ki, bütün bu uğurları nizam-intizam olmadan əldə etmək mümkün deyil. Hər birinizə gələcək yarışlarda uğurlar və yeni qələbə sevinci arzulayıram”.
Daha sonra AAF-ın vitse-prezidenti Firdovsi Umudov çıxış edib. O bildirib ki, Avropa birinciliyinə hazırlıq müddətində federasiya tərəfindən komanda üzvlərinə bütün şərait yaradılmışdı: “Sevindirici haldır ki, idmançılar da bu şəraitin müqabilində onlara bəslənən etimadı doğrultdu. Bu yarış məşqçi heyətimizin seçiminin də doğruluğunu isbat etdi. Yığmanın heyətinə öz çəkisində lider olan və ən əsası nəticələri ilə Avropa birinciliyində rəqabət apara biləcək idmançılar cəlb olunmuşdular. Nizam-intizam məsələsi bizim üçün həmişə öndə gəlib. Komandadaxili ab-hava qaydasında olmasa, uğurdan söhbət gedə bilməz. Ona görə də hər kəs ümumi qaydalara riayət etməli və bir amal ətrafında birləşməlidir. Qarşıda bizi böyük yarışlar gözləyir. Etdiklərimizi unudub, edəcəklərimizə fokuslanmalıyıq. Çünki bizim beynəlxalq arenalarda uğurlu çıxışımız bayrağımızın dalğalanması, himnimizin səslənməsi deməkdir”.
Daha sonra yığma komandanın baş məşqçisi Sərdar Həsənov Avropa birinciliyinin yekunları ilə bağlı danışıb: “İdmançıların hər birindən medal gözləyirdik. Çünki yaxşı hazırlıq keçmişdik. Bu müddətdə yaradılan şəraitə görə təşəkkürümü bildirirəm. Çünki hazırlıq yarışdan daha vacibdir. Çalışacağıq ki, gələcək yarışlarda da nəticələrimizi inkişaf etdirək”.



Facebook-da paylaş





















