Qış Olimpiya Oyunlarının bağlanış mərasimi Verona Arenasında keçiriləcək

İtaliyanın Milan və Kortina şəhərlərinin ev sahibliyi etdiyi XXV Qış Olimpiya Oyunları fevralın 22-də möhtəşəm bağlanış mərasimi ilə başa çatacaq.
BrendSport.az xəbər verir ki, tədbir Bakı vaxtı ilə saat 23:00-da Verona Arenasında keçiriləcək.
"Filmmaster" tərəfindən hazırlanan və "Grand Finale" (Möhtəşəm Final) adlandırılan bədii proqram İtaliyanın zəngin mədəniyyətini, incəsənətini və sarsılmaz idman ruhunu dünyaya nümayiş etdirəcək. Mərasimdə idmançıların əzmkarlığı, qazanılan nailiyyətlər xüsusi bədii kompozisiyalarla qeyd olunacaq və ənənəvi Olimpiya bayrağı növbəti ev sahibi şəhərə ötürüləcək.
Qeyd edək ki, Verona Arenası həm builki bağlanışa, həm də qarşıdan gələn Paralimpiya Oyunlarının açılış mərasiminə ev sahibliyi etməklə beynəlxalq arenada ölkənin qonaqpərvərlik rəmzinə çevriləcək.
Bağlanış mərasimi üçün bu arenanın seçilməsi təsadüfi deyil. Bu ikonik amfiteatr İtaliyanın zəngin mədəni irsini təcəssüm etdirir və qlobal əhəmiyyətli bir tədbiri yekunlaşdırmaq üçün bənzərsiz mühit yaradır. Burada məkanın şanlı keçmişi idmanın gələcəyi ilə qovuşur.
Xatırladaq ki, bu mötəbər idman yarışında Azərbaycanı iki idmançı - dağ xizəkçisi Anastasiya Papatoma və fiqurlu konkisürən Vladimir Litvintsev təmsil edib.
Fevralın 10-da V.Litvintsev Milan şəhərində yerləşən “Mediolanum Forum” arenasında qısa proqramda yarışıb. Onun çıxışı 63.63 balla qiymətləndirilib və bu nəticə ilə ilk “24-lüy”ə düşə bilmədiyindən sərbəst proqram yarışlarına vəsiqə qazana bilməyib.
Digər təmsilçimiz Anastasiya Papatoma isə fevralın 18-də dağ xizəyinin slalom yarışlarında mübarizə aparıb. Kortina d`Ampetsodakı Tofane Alp Xizək Mərkəzində keçirilən yarışda 92-ci sırada mübarizəyə başlayan Anastasiya Papatoma ilk enişində 1:01:81 saniyə göstərici ilə finiş xəttinə çatıb. İkinci enişinə isə 59-cu sırada başlayan 18 yaşlı idmançı 64 iştirakçı arasında 1:07:34 saniyə göstərici ilə finiş xəttinə çatıb. Bununla da o, hər iki cəhdin yekunlarına əsasən, 2:09:15 saniyə nəticə ilə XXV Qış Olimpiya Oyunlarındakı çıxışını 51-ci yerdə başa vurub. Onun bu çıxışı Azərbaycan üçün Qış Olimpiya Oyunlarının slalom yarışlarında tarixi nəticə hesab olunur.
XXV Qış Olimpiya Oyunlarında 92 ölkədən 3 minə yaxın idmançı iştirak edir. İdmançılar Oyunlarda 16 idman növü üzrə 116 medal dəsti uğrunda mübarizə aparırlar.
Facebook-da paylaş





















