Paris-2024: Giorgi Meşvildişvili bürünc uğrunda güləşəcək
Paris-2024 Yay Olimpiya Oyunlarının güləş yarışları davam edir.
BrendSport.az xəbər verir ki, bu gün daha iki çəkidə mübarizə aparan sərbəst güləşçilər xalçaya çıxıb.
Azərbaycan millisinin iki pəhləvanı da yarışa start verib. Onlardan Giorgi Meşvildişvili sabah mübarizəni bürünc medal uğrunda davam etdirəcək.
Sərbəst güləş
74 kq
Turan Bayramov mübarizəyə 1/8 finaldan başlayıb. Avropa çempionatlarının üçqat mükafatçısı ilk qarşılaşmada albaniyalı Çermen Valiyevlə görüşüb. Bayramov 3:0 hesabı ilə öndə olsa da, yekunda 3:4 hesabı ilə uduzub. Ardınca Valiyev də məğlub olduğundan idmançımız Olimpiadada çıxışını bitirib.
125 kq
Giorgi Meşvildişvili 1/4 finala vəsiqə üçün misirli Diaeldin Abdelmottaleb qarşılaşıb. Görüş qitə çempionatlarında iki bürünc qazanmış təmsilçimizin qələbəsi ilə başa çatıb. O, 4:0 hesabı ilə qalib gəlib. Meşvildişvili ardınca Lxaqvaqerel Munxtura (Monqolustan) da gücünü göstərib. Rəqibini 12:2 hesabı ilə məğlub edən güləşçimiz yarımfinala yüksəlib. İdmançımız finala gedən yolda isə Geno Petriaşviliyə (Gürcüstan) 0:7 hesabı ilə uduzub. Giorgi avqustun 10-da bürünc medal uğrunda yarışacaq. Onun rəqibi təsəlliverici görüşdə bəlli olacaq.
Qeyd edək ki, Parisə 6 idmançı ilə yollanan sərbəst güləş millimizin təmsilçilərindən Əliabbas Rzazadə (57 kq) və Osman Nurmaqomedov (86 kq) Olimpiada ilə vidalaşıb, Hacı Əliyevlə (65 kq) Maqomedxan Maqomedov (97 kq) sabah xalçaya çıxacaq.
Facebook-da paylaş