Qurban Qurbanov: Niderland mətbuatının “Qarabağ”ı favorit hesab etməsi sevindiricidir

Sabah bizi vacib oyun gözləyir.
BrendSport.az xəbər verir ki, bu sözləri “Qarabağ” komandasının baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının liqa mərhələsinin VI turunda Bakıda Niderlandın “Ayaks” klubuna qarşı keçirəcəkləri oyun barədə danışarkən deyib.
Onun sözlərinə görə, oyuna az vaxtda hazırlaşıblar.
““Ayaks” bütün gücü ilə oyuna hazırlaşıb. Rəqib oyun ərzində fərqli dəyişikliklər edir. Biz də öz oyun planımızdan qırağa çıxmaq istəmirik. Niderland mətbuatının “Qarabağ”ı favorit hesab etməsi sevindirici məqamdır. İllərin əziyyəti sayəsində bura gəlib çıxmışıq. Kənardan müsbət qiymət almaq adamı xoşbəxt edir. Bu il Avropada çox yaxşı mübarizə aparırıq. Futbolçularımdan razıyam. Lakin daha böyük nəticələr əldə etmək istəyirik”, - deyə Qurban Qurbanov vurğulayıb.
Qeyd edək ki, dekabrın 10-da Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunacaq “Qarabağ” - “Ayaks” görüşü saat 21:45-də başlayacaq.
Facebook-da paylaş





















