Zelim Kotsoyevin şəxsi məşqçisi: Sevinirəm ki, tələbəm yarıda qoyduğum işi tamamladı
Olimpiadanın cüdo yarışlarında medal sıralamasında ikinci yeri tutmaq Azərbaycan üçün böyük uğurdur. İdmanın bu növündə ön sıralarda olmaq qürurvericidir.
BrendSport.az xəbər verir ki, bu fikri AZƏRTAC-a açıqlamasında “Paris-2024” Yay Olimpiya Oyunlarında qızıl medal qazanan Azərbaycan cüdoçusu Zelim Kotsoyevin (90 kiloqram) şəxsi məşqçisi Elxan Məmmədov deyib.
Mütəxəssis bildirib ki, bu nailiyyətlər Azərbaycan Cüdo Federasiyası, Gənclər və İdman Nazirliyi, eləcə də Milli Olimpiya Komitəsinin birgə səylərinin nəticəsidir: “Onların birlikdə planladığı işin bəhrəsini gördük. Dövlətimizin də idmanımızın inkişafında göstərdiyi misilsiz xidmətlər danılmazdır. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın zəng edərək Olimpiya çempionu olan cüdoçularımızı təbrik etməsi onların idmana diqqət və qayğısından irəli gəlir. İdmanımızda baş verən hər bir hadisə dövlətin diqqətindədir. Biz qalib xalqıq, bizə qalibiyyət yaraşır. Çox sevinirik ki, cüdoçularımız çəkilən əziyyətin qarşılığını Azərbaycanımıza qaytardılar. Hər bir məşqçinin bu nəticələrdə böyük əməyi var. Onlar əllərindən gələni edirdilər. Təbii olaraq lisenziyaçılarımızdan medal gözləyirdilər. Ancaq bu, idmandır. Hər şey ola bilər. Əbu-Dabidə keçirilmiş dünya çempionatında Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (90 kiloqram) qızıl medal qazanmaqla bacarıqlarını sübut etdilər. Dünya çempionu olmaq olimpiya çempionluğuna bərabər nəticədir. Onların Olimpiya Oyunlarında uğur əldə edəcəklərinə inanırdıq. Ümidlərimiz puç olmadı. Çox şükür, istəyimizə nail olduq”.
Gənc cüdoçulardan ibarət Azərbaycan millisinin də baş məşqçisi olan E.Məmmədov olimpiya çempionluğunu üç ildir gözlədiklərini qeyd edib: “Hər zaman Zelimə şüuraltı yeridirdim ki, elə bir gün gələcək, sən də Olimpiya çempionu olacaqsan. Hətta Hidayət Heydərov (73 kiloqram) Parisdə Dövlət Himnimizi səsləndirdikdən sonra Zelimə “sən də bunu bacaracaqsan” dedim. Məndən ona həqiqətən inanıb-inanmadığımı soruşdu. “Əlbəttə ki, sənə inanıram” dedim. Yarışa çıxmadan öncə ona “sən qalibsən” söylədim. Final qarşılaşmasında rəqib 1:0 hesabı ilə öndə olanda artıq azarkeşlərimiz onun məğlub olacağını düşünürdülər. Lakin mən ümidimi üzmədim, çünki ona çox güvənirdim. Bilirdim ki, o, son ana kimi mübarizə aparacaq, ruhdan düşməyəcək. Özüm Olimpiya Oyunlarında başqa ölkəni təmsil etdiyim bütün yarışların qalibi olmuşam. Lakin indi bir məşqçi kimi sevinirəm ki, tələbəm mənim yarıda qoyduğum işi tamamladı”.
Onun sözlərinə görə, hər idmançının karyerasında həm eniş, həm də yüksəliş dövrü olur: “Vaxtilə Zelim idmançı karyerasını bitirməyi düşünsə də, bu müddət uzun çəkmədi. Eniş dövründə idmançıya mənəvi cəhətdən dəstək olmaq, motivasiya vermək lazımdır. Zelim mənim üçün sadəcə tələbə deyil, həm dost, həm də övladdır. İstər məğlub olanda, istərsə də qalib gələndə mən həmişə onun yanında olmuşam. Bu, belə də davam edəcək”.
Veteran cüdoçu olimpiya çempionlarının “ulduz xəstəliyi”nə tutulmağı barədə də fikirlərini bölüşüb: “Belə söz-söhbətlər hər zaman olur. Azərbaycan idmançıları – Elnur Məmmədli, Fərid Mansurov, Namiq Əliyev Olimpiya çempionu olduqdan sonra da həmişə mötəbər yarışlarda iştirak edərək yer tutublar. Onlar zədə üzündən idmanla vidalaşmalı olublar. Mən Zelimin “ulduz xəstəliyi”nə tutulacağına inanmıram. Çünki o, sadə idmançıdır. Həmçinin Hidayətdə bu halla üzləşəcəyimizi düşünmürəm. Çünki onlar indidən Los-Anceles olimpiadasına hazırlaşmaq barədə fikirləşirlər. Olimpiadadan öncə idmançılar çox yüksək fiziki hazırlıq keçirlər və bu hazırlıq onlarda zədələrə gətirib çıxarır. Ona görə də olimpiadadan sonra müəyyən zədələr baş qaldırır, problemlər ortaya çıxır. Ümid edirik ki, onların hər ikisi 2028-ci ildə keçiriləcək Olimpiya Oyunlarında çempion olacaqlar”.
Baş məşqçi “Paris-2024”də iştirak edən Azərbaycan cüdoçularının çıxışlarını dəyərləndirib: “Cüdo elə bir idman növüdür ki, nəyisə qabaqcadan demək olmur. Sözün açığı, Elcan Hacıyevdən (90 kiloqram) medal gözləyirdim. Təbii ki, həm Balabəy Ağayev (60 kiloqram), həm Yaşar Nəcəfov (66 kiloqram), həm də Zelim Tçkayevdən (81 kiloqram) nəticə gözləyirdik. Amma xüsusilə Elcanın məğlubiyyəti məni çox məyus etdi”.
Qeyd edək ki, XXXIII Yay Olimpiya Oyunlarında Azərbaycan cüdoçuları Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq Parisdə Dövlət Himnimizi səsləndiriblər. Bununla da Azərbaycan olimpiadanın cüdo yarışlarında medal sıralamasında ikinci yeri tutub. Bu göstərici Azərbaycan cüdosunun tarixində ilkdir.
Facebook-da paylaş