Tanınmış hakim: Əliyar Ağayev “Srvena Zvezda” - “Mançester Siti” oyunundan da üzüağ çıxacaq
“Əliyar Ağayevin “Mançester Siti”nin oyununa təyinat alması bizim üçün fəxrdir. Bu, UEFA-nın ona göstərdiyi inamın nəticəsidir”.
BrendSport.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında ümumittifaq dərəcəli hakim Rüstəm Rəhimov FIFA referisi Əliyar Ağayevin Çempionlar Liqasının qrup mərhələsinin VI turunda Serbiyada “Srvena Zvezda” və İngiltərənin “Mançester Siti” klubları arasında keçiriləcək oyuna təyinat alması barədə danışarkən deyib.
Əməkdar idman xadimi 36 yaşlı ədalət təmsilçisinə böyük ümidlər bəslədiyini söyləyib: “O, mənim tələbəm olub. Karyerasındakı yüksəlişi görmək məni bir müəllim kimi çox sevindirir. Bilirəm ki, hər şey onun özündən asılıdır. Oyunları yaxşı idarə etdikcə, ona verilən matçların sayı daha da artacaq. Çempionlar Liqasının qrup mərhələsində keçirilən oyunlar olduqca ağır olur. Ümid edirəm ki, bu görüşdəki idarəçiliyinə görə də yaxşı qiymət alacaq”.
Onun sözlərinə görə, serbiyalı azarkeşlərin mümkün təzyiqinə baxmayaraq, Ə. Ağayev bu oyundan da üzüağ çıxacaq: “Buna heç bir şübhəm yoxdur. Azarkeşlər nə qədər təzyiq göstərsələr də, futbolda qayda-qanunlar var. Türkiyəli fanatlar serblərdən daha çılğındır. Buna baxmayaraq, Əliyar Türkiyədə təşkil olunan qarşılaşmalarda öz işinin öhdəsindən layiqincə gələ bilib. İnanıram ki, Serbiyada da heç bir problem olmayacaq”.
R. Rəhimov tələbəsinin gələcəkdə Avropa və dünya çempionatlarının matçlarına təyinat alacağına inandığını vurğulayıb: “Əliyar artıq 10 ildən çoxdur ki, UEFA-nın matçlarını idarə edir. Onun yetəri qədər təcrübəsi var. Artıq daha məsuliyyətli və çətin oyunlara təyinat almalıdır. Belə oyunları idarə etdikcə, yeni təcrübə qazanacaq və inkişaf edəcək. Ona bundan sonraki nailiyyətlərində də müvəffəqiyyətlər arzu edirəm”.
R. Rəhimovun fikrincə, daxili çempionatın oyunlarını idarə etmək beynəlxalq matçlarda ədaləti qorumaqdan daha çətindir: “Bunu özləri də yaxşı bilirlər. Hakimlərdən narazılıq halları həmişə olur. İndi artıq VAR da var və bu, onların işini asanlaşdırır. Azərbaycan çempionatının səviyyəsi digər liqalara nisbətən aşağıdır. Belə olan hallarda hakim üçün matçı idarə etmək çətinləşir. Beynəlxalq oyunlarda isə futbolçuların səviyyəsi yüksək olur və öz ustalıqlarını göstərə bilirlər. Amma Çempionlar Liqası və Avropa Liqası kimi ciddi turnirlərdə məsuliyyət daha böyük olur. Çünki belə matçları izləyən azarkeşlərin sayı da çoxdur”.
Qeyd edək ki, “Srvena Zvezda” - “Mançester Siti” qarşılaşması dekabrın 13-də keçiriləcək.
Facebook-da paylaş