Azərbaycan üzgüçüsü Tokio Olimpiadasına lisenziya qazanıb
Azərbaycan üzgüçüsü Maksim Şemberev 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
Üzgüçülük üzrə Azərbaycan millisinin baş məşqçisi Rəşad Əbdürəhmanov BrendSport.az-a bildirib ki, Koreya Respublikasının Quanqju şəhərində keçirilən su idman növləri üzrə dünya çempionatında M.Şemberyev 400 metr məsafəyə qarışıq üsulla üzmə yarışında final mərhələsinə yüksəlib. İyirmi altı yaşlı idmançımız 194 ölkədən 2623 atletin qatıldığı çempionatın həlledici mərhələsində 4 dəqiqə 14.10 saniyə nəticə ilə altıncı yeri tutub. Bu, Azərbaycanın üzgüçülük idmanının tarixində ilk və ən məhsuldar nəticə hesab olunur. Bununla da M.Şemberev 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına bir başa iştirak hüququ əldə edib.
Cari il üçün hazırlıq işlərinin müsbət nəticə verdiyini vurğulayan R.Əbdürəhmanov bildirib: “2019-cu ildə nəzərdə tutulan yarışlar cədvəlinə uyğun keçirilən turnirlərdən bu dünya çempionatına və XV Avropa Gənclər Olimpiya Festivalına xüsusi hazırlaşmışdıq. İdmançılarımızdan Maksim Şemberev Tokio Yay Olimpiya Oyunlarında birbaşa iştirak hüququ qazanıb. Digər yarışda da yeniyetmə üzgüçülərimiz öz güclərini sınadılar. Onların çıxışlarını qənaət bəxş hesab etmək olar”.
Baş məşqçı vurğulayıb ki, XV Avropa Gənclər Olimpiya Festivalında 2003-2004-cü il təvəllüdlü üzgüçülərimiz mübarizə aparıblar. Onların arasında Ramil Vəlizadə və Məryəm Şeyxzamanzadənin nəticələrini xüsusi vurğulayan baş məşqçi bildirib: “Azərbaycanın üzgüçülük tarixində ilk dəfədir ki, Avropa idmançılarının da qatıldıqları mötəbər turnirdə millimizin iki üzvü final mərhələsinə vəsiqə qazana bilib. Ramil Vəlizadə 200 metr məsafədə batterflay üsulla üzmə yarışında final mərhələsində mübarizə aparıb. O, 2 dəqiqə 2 saniyə nəticə ilə medalçılardan yalnız yarım saniyə geri qalıb və beşinci yeri tutub. İdmançımız Beynəlxalq Üzgüçülük Federasiyasının 759 balını toplayıb. Yeniyetmə üzgüçümüz - 2004-cü il təvəllüdlü Məryəm Şeyxzamanzadə isə 100 metr məsafəyə batterflay üsulla üzmə yarışının final mərhələsində 1 dəqiqə 0,95 saniyə nəticə ilə altıncı yeri tutub. M.Şeyxzamanzadə bu nəticə ilə Beynəlxalq Üzgüçülük Federasiyasının 754 balını toplayıb”.
Facebook-da paylaş