Xanlar Fətiyev: Üzgüçülük idmanı dövlətimizin başçısı İlham Əliyevin diqqət və qayğısı sayəsində davamlı inkişaf edir
Ölkəmizdə sürətlə inkişaf edən idman növlərindən biri də üzgüçülükdür. Bu gün nəinki üzgüçülük, idmanın bütün sahələri dövlətimizin başçısı İlham Əliyevin diqqət və qayğısı sayəsində davamlı inkişaf edir. Yeni tikilən komplekslər və idman qurğuları isə gələcəkdə böyük potensialı olan güclü idmançılar yetişdirməyə şərait yaradır.
BrendSport.az xəbər verir ki, Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Xanlar Fətiyev ölkəmizdə idmanın bu növünün inkişafı istiqamətində görülən işlər barədə AZƏRTAC-ın müxbirinin suallarını cavablandırıb. Müsahibəni təqdim edirik.
- Son dövrdə ölkəmizdə üzgüçülük idmanının inkişafı istiqamətində mühüm irəliləyişlər müşahidə olunur. İdmanın bu növünün inkişafı istiqamətində görülən işlər barədə məlumat verməyinizi xahiş edirəm.
- Beynəlxalq standartlara cavab verən Bakı Su İdmanı Sarayının istifadəyə verilməsi, regionlarda yeni yaradılan üzgüçülük hovuzları bu sahədə böyük perspektivlərin olacağından xəbər verir. Bütün idmançılar və məşqçi heyəti, o cümlədən Avropa Üzgüçülük (LEN) və Beynəlxalq Üzgüçülük (FINA) federasiyaları kimi beynəlxalq qurumların nümayəndələri bu arenada yaradılan şəraiti yüksək qiymətləndirirlər. Təbii ki, belə şərait yaradıldıqdan sonra Avropanın digər ölkələrində olduğu kimi, Azərbaycanda da peşəkar və güclü idmançıların yetişdirilməsinə zəmin yaranır. Prezident İlham Əliyevin idmanın inkişafına göstərdiyi dəstəyin nəticəsidir ki, bu gün ölkəmiz nüfuzlu idman yarışlarına ev sahibliyi edir, idmançılarımız beynəlxalq yarışlarda və turnirlərdə yüksək yerlər qazanırlar.
Azərbaycan üzgüçülük idman növü üzrə yarışlarda yaxşı nəticələr göstərir. Belə ki, beynəlxalq lisenziya yarışlarında uğurlu çıxışları, dünya çempionatlarına və yeniyetmələrin Olimpiya Oyunlarına lisenziya qazanmaları, Bakida keçirilən birinci Avropa Oyunlarında yarımfinala qədər yüksələ bilmələri, III İslam Həmrəyliyi Oyunlarında bir qızıl, iki gümüş medal, Bakıda təşkil olunan IV İslam Həmrəyliyi Oyunlarında 4 qızıl və estafet yarışlarında iki bürünc medal qazanmaları, üzgüçülərimizin ayrı ayrılıqda müxtəlif beynəlxaq yarışlarda və turnirlərdə qazandıqları qızıl və gümüş medallar, göstərdiyi yüksək nəticələr son illərdə üzgüçülük sahəsində qazandığımız uğurlardandır. Üzgüçülük üzrə milli komandanın üzvlərinin gənc və perspektivli idmançılarla əvəz olunması isə onu göstərir ki, artıq yeni nəsil yetişir və bu sahədə böyük irəliləyişlər var. Bu gün minlərlə azyaşlı uşaq və yeniyetmənin üzgüçülük bölmələrində məşğul olması, onların bir peşəkar idmançı kimi yetişmələri üçün hər şərait yaratmağa çalışırıq.
- Maksim Şemberyev bu ilə uğurlu start verdi. LEN kuboku yarışlarında 2 medal qazanıldı. Bu il üzgüçülərimizin qarşısına hansı hədəflər qoyulub?
- Ötən illərdə olduğu kimi, Maksim Şemberyev 2019-cu ilə də uğurlu start verib. Bildiyiniz kimi, o Lüksemburqda keçirilən Avropa Üzgüçülük Federasiyası (LEN) Kubokunun növbəti mərhələ yarışlarında iki gümüş medal qazandı. Bundan başqa, milli komandanin yeniyetmə və gənc idmançıları Turkiyənin Ədirnə şəhərində üzgüçülük üzrə “Edirne 1st Swimming International Open Cup 2019” adlı mötəbər turnirdən bir qızıl, bir gümüş, bir bürünc medalla Vətənə qayıtdılar. Maksim iyulda Koreya Respublikasının Kvancu şəhərində keçiriləcək su idman növləri üzrə dünya çempionatında iştirak edəcək deyə bu yarışlara qatılmadı.
Bildiyiniz kimi, üzgüçümüz keçən ilin avqustunda Böyük Britaniyanın Qlazqo şəhərində keçirilən su idman növləri üzrə Avropa çempionatında bu mötəbər yarışa A lisenziyası qazanmışdı. Bu çempionatda çıxışı göstərdi ki, M.Şemberyevin Kvancuda daha yaxşı çıxış etmək və yüksək nəticələr göstərmək imkanı var. Maksimin dünya çempionatına qədər nəticələrinin yüksəldilməsi və yaxşılaşdırılması üçün bir neçə mötəbər beynəlxalq yarışlarda iştirakı nəzərdə tutulub. Bundan başqa, federasiyanın qrafikinə uyğun təlim-məşq toplanışları keçirilməsi planlaşdırılır ki, bu da həm Maksim Şemberyevin, həm də milli komandanın digər üzvlərinin potensiallarının və göstəricilərinin yaxşılaşdırılmasına xidmət edəcək. Məlim olduğu kimi, bu il Bakıda keçiriləcək Avropa Gənclərinin Yay Olimpiya Festivalı da Azərbaycan üzgüçüləri üçün sınaq olacaq.
- İyulda Koreya Respublikasının Kvancu şəhərində keçiriləcək su idman növləri üzrə dünya çempionatında ölkəmizi təmsil edəcək heyət müəyyənləşibmi? Dünya çempionatına qədər idmançılarımızın ölkə xaricində təlim-məşq toplanışı və beynəlxalq turnirlərdə iştirakı nəzərdə tutulubmu?
- Bildiyiniz kimi, Koreya Respublikasının Kvancu şəhərində keçiriləcək su idman növləri üzrə dünya çempionatına üzgüçülərimizdən hələlik yalnız Maksim Şemberyev A kateqoriyalı lisenziya qazanıb. Digər idmanşılarımızdan da bu mötəbər yarışa vəsiqə qazanmalarını gözləyirik. Bunun üçün milli komanda mütəmadi olaraq təlim-məşq toplanışları keçir, hazırlıq prosesləri davam edir. Buna görə də dünya çempionatında ölkəmizi təmsil edəcək heyət müəyyənləşməyib. Bu çempionata qədər üzgüçülərimiz bir neçə lisenziya verə biləcək beynəxalq yarışlarda iştirak edəcəklər. Bu turnirlərdə üzgüçülərimiz A kateqoriyalı lisenziya qazana bilsələr, bundan sonra dünya çempionatında iştirak edəcək heyət tam müəyyənləşəcək.
- “Tokio 2020” Yay Olimpiya Oyunlarına hazırlıq necə gedir?
- Hələlik bütün fikirlərimiz Koreya Respublikasının Kvancu şəhərində keçiriləcək su idman növləri üzrə dünya çempionatına yönəlib. Hazırda bu mötəbər turnir haqqında düşünürük. Lakın bütün bu işlər təbii ki, “Tokio 2020” Yay Olimpiya Oyunlarına hazırlıq xarakteri daşıyır. Bildiyiniz kimi, Olimpiya Oyunları ən vacib bir yarışdır. Bu mötəbər turnirdə yüksək nəticə göstərmək qürurvericidir. Biz də bütün Azərbaycan idmançıları kimi, Olimpiya Oyunlarında ölkəmizi layiqincə təmsil etmək, bayrağımızı yüksəklərdə dalğalandırmaq arzusundayıq.
- Ölkəmizdə üzgüçülüyün inkişafı və uşaqların idmanın bu növünə cəlb olunması istiqamətində hansı işlər görülür?
- Dövlətimizin başçısı İlham Əliyevin idmanın inkişafına göstərdiyi diqqət və qayğının nəticəsidir ki, bu gün bütün növlərdə idmançılarımız yüksək nəticələrlə bizi sevindirirlər. İdmanın bütün sahələri durmadan inkişaf edir, yeni komplekslər və idman qurğuları tikilərək istifadəyə verilir. Azərbaycanda böyük idman yarışları və beynəlxalq turnirlər keçirilir. Təbii ki, yüksək nəticələr, Prezident İlham Əliyev tərəfindən idmançılarımıza göstərilən diqqət, onlara yaradılan yüksək şərait uşaqlarımızda, gənclərimizdə idmana marağı artırır. Üzgüçülük də belə idman növlərindəndir. Bu gün regionlarda inşa edilən Olimpiya İdman komleksləri, üzgüçülük hovuzları, yaradılan idman bölmələri yerlərdə uşaqların marağını xeyli artırıb. Yüzlərlə uşaqlar üzməyə maraq göstərərək bölmələrə yazılırlar. Təbii ki, bu da gələcəkdə onların arasından güclü idmançıların yetişəcəyinə ümid verir. Dövlətimizin başçısı İlham Əliyevin göstərişi ilə inşa edilən, beynəlxalq standartlara cavab verən Bakı Su İdmanı Sarayının istifadəyə verilməsi də Azərbaycanda su idman növlərinə olan marağı xeyli artırdı, Bakıda və yerlərdə su idmanı üzrə beynəlxalq yarışların və turnirlərin keçirilməsinə imkan yaratdı. Mən Üzgüçülük Federasiyasının prezidenti kimi bütün su idman növləri ilə məşğul olan idmançılar adından Azərbaycanda belə gözəl və hər şəraitlə təmin olunmuş idman qurğularını bəxş etdiyi üçün dövlətimizin başçısı İlham Əliyevə minnətdarlığımı bildirirəm.
Facebook-da paylaş