Azərbaycan voleybolçusu: "Avropa çempionatında zəif rəqib yoxdur"
"Avropa çempionatının final mərhələsində zəif rəqib yoxdur".
BrendSport.az xəbər verir ki, bunu Azərbaycan millisinin voleybolçusu Odina Əliyeva yarışla bağlı danışarkən deyib.
33 yaşlı oyunçu turnirdə aşkar favorit komandaların olduğunu söyləyib: "Millətlər Liqasının qalibi Türkiyəni nümunə göstərə bilərəm. Digər rəqiblərimizi də mütləq məğlub etməliyik. Biz bunu bacara bilərik, komandamıza inanıram. Yaxşı hazırlıq keçdik. Çox istərdim ki, uğurlu çıxış edək. Mənim üçün son Avropa çempionatı olduğunu nəzərə alsaq, istəyirəm ki, hər şeyin ən yaxşısını edək və nəticə qazanaq".
Əliyeva ilk məqsədlərinin qrupdan çıxmaq olduğunu diqqətə çatdırıb: "Sonra isə mümkün qədər irəli getmək niyyətindəyik. Əlbəttə, bütün zədələrə, ağrılara baxmayaraq, çox çalışmışıq. Hər bir oyunçumuzun çox əməyi var və istəyirik ki, bu, əvəzsiz qalmasın. Hər bir idmançıya əməyinin, zəhmətinin qarşılığını görmək lazımdır".
Təcrübəli voleybolçu 6-cı və sonuncu dəfə qitə birinciliyində mübarizə aparacağını vurğulayıb: "Əlimdən gələni edəcəyəm ki, mənə etdikləri hər şey üçün Azərbaycana təşəkkür əlaməti olaraq daha yaxşı oynayım, qələbələr və uğurlu nəticələr qazanaq, Azərbaycanın bayrağını yüksəklərdə dalğalandıraq. Komada olaraq buna çalışacağıq".
Qeyd edək ki, Azərbaycan millisi bu gün Çexiya ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Facebook-da paylaş