Millimizin voleybolçusu Yelizaveta Krneta: Avropa çempionatında iştirak edən hər kollektiv güclüdür
Voleybol üçün çox darıxmışam. Məlum səbəblərdən bu Avropa çempionatında iştirak edə bilmirəm. Hazırda Serbiyadayam və yavaş-yavaş fiziki məşqlərə başlayıram.
BrendSport.az Azərbaycan Voleybol Federasiyasına istinadla xəbər verir ki, bunu qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Yelizaveta Krneta deyib.
İyirmi altı yaşlı oyunçu yığmanın avqustun 20-də Avropa çempionatında ilk qarşılaşmasına çıxacağını xatırladıb: “İkiqat sevincliyəm, çünki milli qrup oyunlarını Serbiyanın paytaxtı Belqradda oynayacaq. Çalışacağam ki, komandamın bütün matçlarını arenadan izləyim və onlara dəstək olum”.
Y.Krneta deyib: “Millimiz Avropa çempionatına iki ay hazırlıq mərhələsi keçib və yoxlama görüşlərində gücünü sınayıb. Mənim fikrimcə, hər kollektivdə müəyyən problemlər olur. Amma belə mötəbər yarışda çıxış edən yığmanı dəstəkləyən insanlar yalnız gözəl oyun və qələbə gözləyir. Bu Avropa çempionatında bəzi voleybolçularımız məlum səbəblərdən iştirak etmir və komandamız güclü rəqiblərlə bir qrupda mübarizə aparacaq. Düşünürəm ki, Avropa çempionatında iştirak edən hər kollektiv güclüdür. Buna görə qızlarımız hər setdə, hər matçda sona kimi mübarizə aparmalı və öz oyunlarını mükəmməl oynamalıdırlar”.
Voleybolçu analıq məzuniyyətində olduğu üçün heyətə daxil edilməyib.
Qeyd edək ki, A qrupunda yarışacaq Azərbaycan millisinin ilk matçı avqustun 20-də Belçika seçməsinə qarşı olacaq. Ertəsi gün yığmamız Bosniya və Herseqovina, ayın 22-də Rusiya, iki gün sonra Serbiya, avqustun 25-də isə Fransa ilə qarşılaşacaq.
Komandamızın oyunları İctimai Televiziya vasitəsilə canlı yayımlanacaq.
Facebook-da paylaş