Bakıda keçiriləcək idman gimnastikası üzrə dünya kuboku yarışlarında ölkəmizi 7 idmançı təmsil edəcək
Martın 31-dən aprelin 3-dək Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə dünya kuboku yarışları keçiriləcək.
BrendSport.az Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, ölkəmizin gimnastika növləri üzrə bu il təşkil edəcəyi dördüncü beynəlxalq yarışda qeydiyyat siyahısına əsasən 35 ölkədən 151 idmançı qüvvəsini sınayacaq. Dördgünlük yarışların ilk iki günü təsnifat, sonrakı iki günü isə final mərhələləri baş tutacaq.
Turnirdə, həmçinin ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” kuboku da təqdim olunacaq.
Dünya kubokunda ölkəmizi Mənsum Səfərov (sərbəst hərəkətlər), Ağamurad Qəhrəmanov (sərbəst hərəkətlər, dayaqla tullanma, paralel qollar, turnik), İvan Tixonov (dəstəkli at, dayaqlı tullanma, paralel qollar, turnik), Cavidan Babayev (halqa), Nikita Simovov (halqa), Samirə Qəhrəmanova (dayaqlı tullanma, gimnastika tiri, sərbəst hərəkətlər), Milana Minakovskaya (müxtəlif hündürlüklü qollar, gimnastika tiri, sərbəst hərəkətlər) təmsil edəcəklər.
Ən güclü idmançıların çətin və əzmli mübarizəsinin canlı şahidi olmaq istəyən tamaşaçılar biletləri onlayn qaydada https://iticket.az/ saytından və şəhərin kassalarından əldə edə bilərlər. Biletlərin qiyməti 7 manat təşkil edir. Yarışlarda tamaşaçı qismində iştirak edəcək şəxslər etibarlı olan COVID-19-a qarşı peyvənd olunmanı təsdiqləyən peyvənd sertifikatına və ya COVID-19-dan sağalaraq immunitetə malik olmanı təsdiqləyən sənədə, COVID-19-a qarşı peyvənd əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatına (yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla) malik olmalıdırlar.
Facebook-da paylaş