Elmar İslam: Stolüstü tennis üzrə Azərbaycan çempionatının yüksək səviyyədə keçirilməsi üçün hər cür şərait yaradılıb
Bu gün “Şüa” idman-sağlamlıq kompleksində böyüklər arasında stolüstü tennis üzrə ölkə çempionatı start götürüb. Azərbaycan çempionatının yüksək səviyyədə keçirilməsi üçün hər cür şərait yaradılıb. Əminəm ki, yarışda idmançılar öz potensiallarından maksimum istifadə edə biləcəklər.
Bu sözləri Azərbaycan Stolüstü Tennis Federasiyasının vitse-prezidenti Elmar İslam BrendSport.az-a məxsusi müsahibəsində bildirib.
Turnirdə böyüklərlə yanaşı, kiçik yaşlı stolüstü tennisçilərin də mübarizə apardıqlarını vurğulayan E.İslam deyib: “Əsasnaməyə görə 2010-cu il təvəllüdlü və daha kiçik yaşlı idmançılar böyüklərin ölkə çempionatına buraxılmırlar. Məşqçilər şurasının təklifinə əsasən, bu ölkə çempionatında perspektivli stolüstü tennisçilərə də şans verilib”.
Federasiyanın vitse-prezidenti Avropa Stolüstü Tennis Birliyinin təşəbbüsü ilə seçim turlarının keçiriləcəyini, bu yarışlarda Azərbaycanı iki stolüstü tennisçinin təmsil edəcəyini vurğulayıb: “Bu il martın 6-13-də Çexiyada, 13-21-də Slovakiyada 2010-cu il və daha kiçik yaşlı stolüstü tennisçilər arasında yarış keçiriləcək. Yanvarda ölkəmizdə keçirilmiş yarışın nəticəsinə görə, qızlar arasında Yağmur Məmmədli, oğlanların yarışında isə Onur Quluzadənin həmin yarışlarda iştirakı müəyyənləşib.
Böyüklər arasında keçirilən çempionatda stolüstü tennisçilər komanda, şəxsi, qoşa və qarışıq qoşa yarışlarında qüvvələrini sınayırlar. Dörd gün davam edəcək çempionatda Bakı şəhəri ilə yanaşı, Sumqayıt, Şəki, Qax, Balakən, Gəncə, Qusar, Salyan, Şabran, Şirvan və Gədəbəydən olan stolüstü tennisçilər də mübarizə aparırlar.
Facebook-da paylaş