Gürcüstanda keçirilən “Zəfər kuboku” mini-futbol turniri başa çatıb
Gürcüstanda Azərbaycanın Vətən müharibəsindəki qələbəsinin ildönümünə həsr olunmuş “Zəfər kuboku” mini-futbol turniri başa çatıb.
BrendSport.az xəbər verir ki, Marneulinin Qızılhacılı kəndindəki idman kompleksində keçirilmiş final oyununda Gürcüstandakı Azərbaycanlı İş Adamları Birliyinin AZEBİ və “Azərsun Holding”in Gürcüstandakı “DAPNA” şirkətinin eyni adlı həvəskar komandaları qarşılaşıblar.
Oyun AZEBİ-nin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Qalibə “Zəfər kuboku”, turnirdə iştirak etmiş 10 komandanın üzvlərinə isə medallar təqdim olunub.
Mükafatlandırma mərasimində Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Türkiyənin səfiri Fatma Ceren Yazqan, AZEBİ-nin İdarə Heyətinin sədri Nəriman Qurbanov, Marneuli şəhərinin meri Kənan Ömərov, Azərbaycan və türkiyə şirkətlərinin, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasimdə çıxış edən Nəriman Qurbanov deyib ki, 8 Noyabr Azərbaycan tarixində əlamətdar və qürurverici bir gündür. Gürcüstanda Zəfər Gününə həsr olunmuş mini-futbol turnir Gürcüstanda yaşayan soydaşlarımız, eləcə də bu ölkədə fəaliyyət göstərən Azərbaycan şirkətləri tərəfindən də böyük sevinc və qürur hissi ilə dəstəklənib.
O, “Zəfər kuboku”nun dostluq, qardaşlıq və birlik görüşü kimi tərənnüm olunduğunu qeyd edib.
Səfir Faiq Quliyev öz növbəsində Zəfər Günü münasibətilə komandaların üzvlərini və soydaşlarımızı bir daha təbrik edib.
Bildirib ki, Azərbaycan hər zaman sülhsevər dövlət olub: “Biz sülh və ədaləti bərpa etmək üçün 44 günlük Vətən müharibəsi apardıq, işğalçını məğlubiyyətə uğratdıq, torpaqlarımızı işğaldan azad etdik. Bu Şanlı Zəfər Azərbaycanın qəhrəman ovladlarınızın qanı, canı bahasına başa gəlib. Bu qələbəni xalqımıza bəxş edən qəhrəman şəhidlərimizin ruhları qarşısında baş əyir, Allahdan onlara rəhmət diləyirik”, – deyə F.Quliyev vurğulayıb.
Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan çıxışında deyib ki, dost Gürcüstanda Azərbaycanın Zəfər Gününü qeyd etmək böyük şərəfdir. Azərbaycanın torpaqları ona şəhidlərin qanı qədər halaldır.
F.C.Yazqan bölgədə gələcək nəsillərin sülh və əmin-amanlıq şəraitində yaşamsını arzulayıb.
“Bizim istəyimiz budur ki, gürcü, türk və azərbaycanlı uşaqlar və gənclər işğalla deyil, idmanla, sənətlə, ədəbiyyatla, mədəniyyətlə böyüsünlər, vətənlərini bilsinlər, qaçqınlıq yaşamasınlar, savaş görməsinlər”, – deyə Türkiyəli diplomat qeyd edib.
Qeyd edək ki, mini-futbol yarışı AZEBİ-nin təşkilatçılığı ilə baş tutub. Oktyabrın 23-dən start götürən turnirdə Azərbaycan və Türkiyənin Gürcüstandakı səfirliklərinin, eləcə də hər iki ölkənin şirkətlərinin komandaları yarışıblar.
Facebook-da paylaş