“Qarabağ” komandası səfərdə “Kayrat”ı məğlub edib
Ağdamın “Qarabağ” komandası UEFA Konfrans Liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində noyabrın 4-də səfərdə Qazaxıstanın “Kayrat” klubu ilə qarşılaşır.
BrendSport.az xəbər verir ki, Almatıdakı “Ortalık” stadionunda keçirilən görüşdə “Qarabağ” komandası 2:1 hesabı ilə qalib gəlib.
Oyunda ilk qol görüşün 57-ci dəqiqəsində vurulub. Ağdamlılar İbrahim Vadjinin qolu ilə hesabı açsalar da, 11 dəqiqə sonra hesab bərabərləşib. “Kayrat”ın hücumçusu Joze Kante hesabda tarazlığı bərpa edib. Lakin görüşün 72-ci dəqiqəsində ağdamlılar yenidən hesabda irəli çıxıblar. Bu dəfə “Qarabağ”ın heyətində Abdullah Zubir fərqlənib – 2:1.
Beləliklə, bu oyundan sonra “Qarabağ” xal ehtiyatını 10-a çatdırıb. Ağdamlıların qrupda liderliyə yüksəlməsi aktivində 7 xal olan “Bazel”in səfərdə “Omoniya” komandası ilə keçirəcəyi görüşün nəticəsindən asılı olacaq. “Omoniya” və “Kayrat”ın aktivlərində 1 xal var.
Xatırladaq ki, “Qarabağ” klubu birinci turda “Bazel” ilə heç-heçə edib – 0:0. Qurban Qurbanovun yetirmələri ikinci turda Kiprdə “Omoniya” klubunu 4:1 hesabı ilə darmadağın ediblər. Ağdam təmsilçisi üçüncü turda “Kayrat”ı 2:1 hesabı ilə üstələyib.
Qeyd edək ki, UEFA Konfrans Liqasında qrupların liderləri birbaşa səkkizdəbir finala yüksələcəklər. İkinci yeri tutan komandalar isə UEFA Avropa Liqasında qrupları üçüncü sırada başa vuran kollektivlərlə pley-off matçları keçirəcəklər.
Facebook-da paylaş