Dünya kuboku: On iki yaşlı şahmatçılarımız seçmə yarışın 4-cü turunu qələbə ilə başa vurublar
Yeniyetmə şahmatçılar arasında dünya kuboku yarışlarının seçmə mərhələsi davam edir.
BrendSport.az xəbər verir ki, 10-12-14-16-18 yaşlı yeniyetmələr arasında rapid üzrə onlayn dünya kuboku yarışlarında ölkəmizi müxtəlif yaş qruplarında 29 zəka sahibi təmsil edir.
Dünya kubokunda artıq 18, 16 yaşlı oğlanlar, 12 yaşlı qızlar arasında seçmə yarışında dörd turun oyunları keçirilib. On səkkiz yaşlılarda təmsilçilərimiz Əhməd Əhmədzadə, Vüqar Manafov qələbə qazanıblar, Aydın Süleymanlı isə heç-heçə edib. On altı yaşlılar arasında keçirilən yarışın 4-cü turunu Sadiq Qarayev qələbə, Xəzər Babazadə, Şiroğlan Talıbov heç-heçə ilə başa vurublar. Hər üç təmsilçimiz - Ayan Hüseynli, Lalə Hüseynova və Xanım İsmayılova isə 12 yaşlı qızların yarışında qələbə qazanıblar. Onların arasında ən yaxşı nəticəni liderdən yarım xal geri qalan A.Hüseynli göstərib (3,5 xal).
Artıq 10, 12 yaşlı oğlanlar və 18 yaşlı qızlar arasında seçmə yarışları yekunlaşıb. On yaşlı oğlanların seçmə yarışında Xaqan Əhməd, on iki yaşlıların seçmə yarışında isə təmsilçimiz Cahandar Azadəliyev birinci yeri tutublar.
On səkkiz yaşlı qızlar arasında keçirilən seçmə yarışda isə Ayan Allahverdiyeva 7,5 xalla 3-cü, Gövhər Beydullayeva 7 xalla 7-ci pillədə qərarlaşıblar.
Qeyd edək ki, seçmə mərhələdə hər yaş qrupunda ilk 10 yerin sahibi final mərhələsinə vəsiqə qazanır.
Avqustun 26-dan 31-dək dünya kuboku yarışlarının final mərhələsi keçiriləcək.
Facebook-da paylaş