UEFA Avropa Liqası: HİK və “Neftçi” klublarının start heyətləri müəyyənləşib
Bu gün Bakının “Neftçi” komandası UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin cavab görüşünə çıxacaq.
BrendSport.az xəbər verir ki, Bakı təmsilçisi Finlandiyanın paytaxtı Helsinkidəki “Bolt Arena”da HİK komandasının qonağı olacaq. Bakı vaxtı ilə saat 20:00-da başlanacaq görüşü almaniyalı referi Deniz Aytekin idarə edəcək.
Artıq komandaların start heyətləri açıqlanıb.
Bakı təmsilçisinin start heyətində Aqil Məmmədov, Mamadu Mboc, Voislav Stankoviç, Emin Mahmudov, Sezar Meza Kolli, Harramiz Soareş, Romen Bask, Mirabdulla Abbasov, Yusuf Laval, Samir Buqrin və Mamadu Kane yer alıblar.
HİK-in heyətində isə meydana Yakob Tonnander, Yanne Saksela, Deniel O Şonessi, Jair, Lukas Linqman, Roope Riski, Luis Karlos Murilyo, Miro Tenho, Valtteri Moren, Devid Braun və Filip Valençiç çıxacaqlar.
Komandalar arasında avqustun 3-də Bakıda keçirilən ilk oyun 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
“Neftçi” və HİK bunadək Çempionlar Liqasının ikinci təsnifat mərhələsində çıxış ediblər. Azərbaycan klubu Yunanıstanın “Olimpiakos” (0:1; 0:1), HİK isə İsveçin “Malmö” (1:2; 2:2) komandası ilə görüşlərin yekununda uduzaraq, mübarizəni Avropa Liqasında davam etdirib.
Qeyd edək ki, cütün qalibi Avropa Liqasının pley-off mərhələsində Türkiyənin “Fənərbağça” komandası ilə qarşılaşacaq. Məğlub klub isə mübarizəni UEFA Konfrans Liqasının pley-off mərhələsində davam etdirəcək. Rəqib isə “Torshavn" (Farer adaları) – “Makkabi” (Hayfa, İsrail) cütünün qalibi olacaq. Bu komandalar arasındakı ilk görüşdə “Makkabi” böyük hesabla qalib gəlib - 7:2.
Facebook-da paylaş