Bu gün “Avro-2020”nin yarımfinal mərhələsinin ilk oyunu keçiriləcək
BrendSport.az xəbər verir ki, Londonun “Uembli” stadionunda keçiriləcək birinci yarımfinal matçında çempionatın favoritlərindən hesab olunan İtaliya və İspaniya yığmaları qarşılaşacaqlar. Bakı vaxtı ilə saat 23:00-da başlayacaq matçı almaniyalı referi Feliks Brix idarə edəcək.
Yarımfinal mərhələsinin “Uembli” stadionunda keçiriləcək digər oyununda isə İngiltərə və Danimarka milliləri qarşılaşacaqlar. Həmin görüş iyulun 7-də Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Turnirdə son dərəcə inamlı oyun nümayiş etdirən İtaliya yığması A qrupundakı rəqiblərini – Türkiyə (3:0), İsveçrə (3:0) və Uels (1:0) seçmələrini məğlub edərək səkkizdəbir finala yüksəlib. Apennin təmsilçisi səkkizdəbir finalda Avstriyanı (2:1, əsas vaxt 0:0), dörddəbir finalda isə turnirin ən güclülərindən olan Belçikanı (2:1) mübarizədən kənarlaşdırıb.
Yer aldığı E qrupunda İsveç (0:0) və Polşa (1:1) komandaları ilə heç-heçə edən İspaniya sonuncu görüşdə Slovakiyanın qapısından 5 cavabsız top keçirib. Üçqat Avropa çempionları səkkizdəbir finalda Xorvatiyanı (5:3, əsas vaxt 3:3), Avstriyanı (1:1, penaltilərlə 3:1) məğlub edərək finala yüksəlib.
İtaliya və İspaniya seçmələri indiyədək müxtəlif turnirlərdə 36 dəfə qarşılaşıblar. Bu görüşlərin 11-də İtaliya, 12-də isə İspaniya qalib gəlib, 13 görüş heç-heçə başa çatıb. Top nisbətində də İtaliya yığmasının cüzi üstünlüyü var – 43:40.
“Avro-2020”nin final matçı iyulun 11-də “Uembli” stadionunda keçiriləcək.
Facebook-da paylaş