Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



İngiltərə millisi Ukrayna seçməsini dörd cavabsız qolla məğlub edərək yarımfinala yüksəlib



BrendSport.az xəbər verir ki, iyulun 3-də turnirin dörddəbir final mərhələsi çərçivəsində Romadakı “Olimpiko” stadionunda baş tutan görüşdə Ukrayna və İngiltərə yığmaları üz-üzə gəliblər.

Almaniyalı Feliks Brixin idarə etdiyi oyuna İngiltərə millisi daha fəal başlayıb. İngilislər istəyinə oyunun 4-cü dəqiqəsində erkən qolla çatıb. Belə ki, Rahim Sterlinqin ara ötürməsindən sonra Hari Keyn rəqibin qapıçısı ilə üzbəüz qalıb və fürsəti əldən verməyib. Qoldan sonra da hücumların davam etdirən İngiltərə seçməsi matçın 31-ci dəqiqəsində hesab arasındakı fərqi artıra bilərdi, lakin ukraynalıların qapıçısı Georgiy Buşan komandasını xilas edə bilib. Qarşılaşmanın 34-cü dəqiqəsində Ukrayna millisinin baş məşqçisi Andrey Şevçenko məcburi əvəzetmə edib. Belə ki, Viktor Çıqankov zədələnərək meydanı tərk etmək məcburiyyətində qalıb. Onu Serqey Krivçov əvəz edib.

Görüşün birinci hissəsi İngiltərə seçməsinin 1:0 hesablı üstünlüyü ilə yekunlaşıb.

İkinci hissəsinin əvvəlində yenidən rəqibin qapısı qarşısında təhlükəli vəziyyətlər yaradan İngiltərə millisi hesab arasındakı fərqi iki topa çatdırıb. Qarşılaşmanın 46-cı dəqiqəsində Hari Keyna qarşı Ukrayna millisinin müdafiəçiləri kobud oynayıb. Lük Şounun cərimə meydançasına ötürdüyü topa hamıdan tez yetişən Hari Maquayer komandasının vacib qoluna imza atıb. Qoldan 4 dəqiqə sonra İngiltərə millisi üçüncü dəfə fərqlənməyə nail olub. Belə ki, Rahim Sterlinq və Lük Şounun qurduğu hücumu Hari Keyn dəqiq baş zərbəsi ilə tamamlayıb. Bu da oyunda son qol olmayıb. Matçın 63-cü dəqiqəsində İngiltərə millisi Ukrayna yığmasının qapısından dördüncü topu keçirib. Meyson Mountun künc zərbəsindən ötürdüyü topu meydana yenicə daxil olmuş Cordan Henderson baş zərbəsi ilə tamamlayıb.

Komandaların cəhdlərinə baxmayaraq oyunun sonunadək hesab dəyişməyib. Beləliklə, 4:0 hesabı ilə qalib gələn İngiltərə yığması “Avro-2020”nin yarımfinal mərhələsinə adlayıb.

Qaret Sautqeytin yetirmələri növbəti mərhələdə Danimarka millisi ilə qarşılaşacaq. Danimarkalılar Bakı Olimpiya Stadionunda Çexiya seçməsindən üstün olub - 2:1.

Xatırladaq ki, mübarizəyə D qrupunda başlayan İngiltərə yığması ilk görüşdə Xorvatiyaya (1:0) daha sonra Çexiyaya (1:0) qalib gəlib. Qrupun digər oyununda Şotlandiya yığması ilə qolsuz heç-heçə edərək lider kimi səkkizdəbir finala yüksəlib. İngilislər səkkizdəbir finalda turnirin favoritlərindən sayılan Almaniya millisini mübarizdən kənarlaşdırıb - 2:0.

“Avro-2020”nin yarımfinal mərhələsinin görüşləri iyulun 6-7-də, final matçı isə iyulun 11-də keçiriləcək. Yarımfinal və final görüşlərinə Londondakı “Uembli” stadionu ev sahibliyi edəcək. Birinci yarımfinal matçında İtaliya və İspaniya komandaları, bir gün sonra isə Danimarka və İngiltərə seçmələri qarşılaşacaqlar.

Qeyd edək ki, Bakı Olimpiya Stadionu “Avro-2020”nin A qrupu çərçivəsində Uels-İsveçrə (1:1), Uels–Türkiyə (0:2) və İsveçrə-Türkiyə (3:1) oyunlarına ev sahibliyi edib.


Facebook-da paylaş

Xəbəri paylaş