“Xüsusi Olimpiya Birləşmiş Futbol Dünya Kuboku Paris 2026” turnirinin rəsmi açılış mərasimi keçirilib

Fransanın paytaxtı Parisdə keçirilən “Xüsusi Olimpiya Birləşmiş Futbol Dünya Kuboku Paris 2026” turnirinin rəsmi açılış mərasimi baş tutub. Möhtəşəm açılış mərasimi ilə turnirə rəsmi start verilib.
BrendSport.az xəbər verir ki, 6–11 iyul tarixlərində keçirilən turnirdə 23 ölkədən 24 komanda – 12 kişi və 12 qadın komandası mübarizə aparır. Yarışlar inklüziv idmanın inkişafına töhfə vermək, bərabər imkanların təşviqi və sosial inteqrasiyanın gücləndirilməsi məqsədi daşıyır.
Açılış mərasiminin ən yaddaqalan anlarından biri İdmançıların Paradı olub. Parad zamanı 23 ölkəni təmsil edən 324 futbolçu Şarleti Stadionunda qürurla yürüş edərək yüzlərlə azarkeş, ailə üzvləri, fəxri qonaqlar, dövlət nümayəndələri, könüllülər və turnirin dəstəkçiləri tərəfindən böyük coşqu ilə qarşılanıb.
Açılış mərasimi başa çatdıqdan sonra diqqət futbol oyunlarına yönəlib. Turnirin ilk qarşılaşmaları ilk qollar, sevinc dolu anlar və qələbələrlə yadda qalıb. Bununla da “Xüsusi Olimpiya Birləşmiş Futbol Dünya Kuboku Paris 2026” uğrunda mübarizəyə rəsmi start verilib.
Azərbaycan bu mötəbər turnirdə Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin qadınlardan ibarət “Birləşmiş Futbol” (Unified Football) yığma komandası ilə təmsil olunur. 11 bir nəfərdən ibarət yığma komandamız B qrupunda Namibiya, Amerika Birləşmiş Ştatları və Qvatemala komandaları ilə mübarizə aparacaq.
Yığma komandamızın ilk oyunu 7 iyul tarixində saat 10:00-da Namibiya yığmasına qarşı keçiriləcək. Həmin gün saat 13:00-da komandamız Amerika Birləşmiş Ştatları ilə qarşılaşacaq. Qrup mərhələsində son oyun isə 8 iyul tarixində saat 10:00-da Qvatemala yığmasına qarşı baş tutacaq.
Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsi komandamıza turnirdə uğurlar arzulayır və idmançılarımızın ölkəmizi layiqincə təmsil edəcəyinə inanır.









Facebook-da paylaş





















