UEFA reytinqi: “Qarabağ” və “Neftçi”nin mövqeyi dəyişməyib, “Qəbələ” geriləyib
Azərbaycan klublarının UEFA reytinqindəki mövqeləri açıqlanıb.
BrendSport.az xəbər verir ki, avrokuboklarda pley-off mərhələsinin oyunları müəyyən yerdəyişmələrə səbəb olub.
Son 5 mövsümdə toplanan əmsalların cəminə əsasən tərtib edilən siyahıda ən yüksək reytinqli Azərbaycan klubu “Qarabağ”dır. Ağdam təmsilçisi UEFA Avropa Liqasının pley-offunda Sloveniya komandası “Olimpiya”nı 2:0 hesabı ilə məğlub etsə də, bunun mövqeyə təsiri olmayıb. Qurban Qurbanovun yetirmələri 24.500 xalla 62-ci yerdədirlər. “Qarabağ” reytinqdə “Molde” (Norveç), “Fənərbağça” (Türkiyə), PAOK (Yunanıstan) və “Makkabi” (Təl-Əviv, İsrail) ilə bu pilləni bölüşdürür.
“Qarabağ”dan sonra ən yaxşı göstəriciyə malik Azərbaycan klubu “Neftçi”dir. 10.000 əmsalı olan “ağ-qaralar” 4 komanda ilə birlikdə 135-ci pilləni bölüşdürür. Adrian Mutunun kollektivi də yerində qalıb.
“Qəbələ” isə növbəti dəfə geriləyib. “Qırmızı-qaralar” 4.500 xalla 270-cidirlər.
Azərbaycan çempionatının digər iştirakçılarından “Sabah”, “Zirə”, “Sumqayıt”, “Səbail” və elitanı tərk edən “Şamaxı” 3,350 xalla 334-cü pilləni bölüşdürürlər.
“Turan Tovuz”, “Kəpəz” və yenidən elitaya qayıdan “Araz-Naxçıvan” 424 klub sırasına düşməyiblər.
Türkiyənin ən reytinqli komandası yenə “Başakşəhər”dir. İstanbul klubu 29.000 əmsalla 53-cü pillədə qərarlaşıb. “Qalatasaray” (26.500) 56-cı, “Fənərbağça” (24.500) 62-ci, “Sivasspor” (16.500) 89-cu yerdədirlər. “Beşiktaş” və “Trabzonspor” (11.500 xalla 113-cü), “Adana Dəmirspor”, “Konyaspor”, “Alanyaspor” və “Yeni Malatyaspor” (hamısı 6.170 xalla 205-ci) ilk “100-lük”dən kənarda qalıblar.
Ukrayna “Şaxtyor”u yenə keçmiş SSRİ klubları arasında ən yaxşı göstəriciyə malik komandadır. Donetsklilər 57.000 xalla 22-ci yerdədirlər. Ukraynanın digər təmsilçisi Kiyev “Dinamo”su (26.500) 56-cıdır. Bu sıralamada ilk “üçlüy”ü “Qarabağ” qapayır.
UEFA reytinqinə İngiltərə təmsilçisi “Mançester Siti” (124.000) başçılıq edir. Almaniyanın “Bavariya” klubu 120.000 əmsalla ikinci sırada yer alıb. İlk “üçlüy”ü Madrid “Real”ı (106.000) qapayıb.
Facebook-da paylaş