Əsas Səhifə > Maraq > UEFA reytinqi: “Qarabağ” və “Neftçi”nin mövqeyi dəyişməyib, “Qəbələ” geriləyib
UEFA reytinqi: “Qarabağ” və “Neftçi”nin mövqeyi dəyişməyib, “Qəbələ” geriləyib26-08-2023, 12:30 |
Azərbaycan klublarının UEFA reytinqindəki mövqeləri açıqlanıb. BrendSport.az xəbər verir ki, avrokuboklarda pley-off mərhələsinin oyunları müəyyən yerdəyişmələrə səbəb olub. Son 5 mövsümdə toplanan əmsalların cəminə əsasən tərtib edilən siyahıda ən yüksək reytinqli Azərbaycan klubu “Qarabağ”dır. Ağdam təmsilçisi UEFA Avropa Liqasının pley-offunda Sloveniya komandası “Olimpiya”nı 2:0 hesabı ilə məğlub etsə də, bunun mövqeyə təsiri olmayıb. Qurban Qurbanovun yetirmələri 24.500 xalla 62-ci yerdədirlər. “Qarabağ” reytinqdə “Molde” (Norveç), “Fənərbağça” (Türkiyə), PAOK (Yunanıstan) və “Makkabi” (Təl-Əviv, İsrail) ilə bu pilləni bölüşdürür. “Qarabağ”dan sonra ən yaxşı göstəriciyə malik Azərbaycan klubu “Neftçi”dir. 10.000 əmsalı olan “ağ-qaralar” 4 komanda ilə birlikdə 135-ci pilləni bölüşdürür. Adrian Mutunun kollektivi də yerində qalıb. “Qəbələ” isə növbəti dəfə geriləyib. “Qırmızı-qaralar” 4.500 xalla 270-cidirlər. Azərbaycan çempionatının digər iştirakçılarından “Sabah”, “Zirə”, “Sumqayıt”, “Səbail” və elitanı tərk edən “Şamaxı” 3,350 xalla 334-cü pilləni bölüşdürürlər. “Turan Tovuz”, “Kəpəz” və yenidən elitaya qayıdan “Araz-Naxçıvan” 424 klub sırasına düşməyiblər. Türkiyənin ən reytinqli komandası yenə “Başakşəhər”dir. İstanbul klubu 29.000 əmsalla 53-cü pillədə qərarlaşıb. “Qalatasaray” (26.500) 56-cı, “Fənərbağça” (24.500) 62-ci, “Sivasspor” (16.500) 89-cu yerdədirlər. “Beşiktaş” və “Trabzonspor” (11.500 xalla 113-cü), “Adana Dəmirspor”, “Konyaspor”, “Alanyaspor” və “Yeni Malatyaspor” (hamısı 6.170 xalla 205-ci) ilk “100-lük”dən kənarda qalıblar. Ukrayna “Şaxtyor”u yenə keçmiş SSRİ klubları arasında ən yaxşı göstəriciyə malik komandadır. Donetsklilər 57.000 xalla 22-ci yerdədirlər. Ukraynanın digər təmsilçisi Kiyev “Dinamo”su (26.500) 56-cıdır. Bu sıralamada ilk “üçlüy”ü “Qarabağ” qapayır. UEFA reytinqinə İngiltərə təmsilçisi “Mançester Siti” (124.000) başçılıq edir. Almaniyanın “Bavariya” klubu 120.000 əmsalla ikinci sırada yer alıb. İlk “üçlüy”ü Madrid “Real”ı (106.000) qapayıb. Geri qayıt |