Azərbaycan güləşçiləri bürünc medallar uğrunda mübarizə aparacaqlar
Türkiyənin İstanbul şəhərində keçirilən güləş üzrə U-17 dünya çempionatı sona yaxınlaşır
BrendSport.az xəbər verir ki, bu gün daha 5 çəkidə sərbəst güləşçilər mübarizəyə qoşulub.
Azərbaycan güləşçisi Sədrəddin Həsənov (51 kq) ilk görüşündə türkiyəli Kahraman Eskiyə 4:1 hesabı ilə qalib gələrək dörddəbir finala yüksəlsə də, hindistanlı Rohit Rohitə uduzub - 0:4. Rəqib finala yüksəldiyi üçün Həsənov sabah təsəlliverici görüşdə amerikalı Kristian Kasiltyo ilə qarşılaşacaq.
Camal Abbasov (60 kq) isə qazaxıstanlı Yerali Jenissov (6:0), amerikalı Benjamin Davino (5:0) və türkmənistanlı Bekjan Ruslanov (10:0) üzərində inamlı qələbə qazanaraq yarımfinala vəsiqə qazanıb. Abbasov yarımfinalda iranlı Səcad Pirdayehlə gərgin mübarizə şəraitində keçən qarşılaşmadan məyus ayrılıb – 2:3. Camal sabah bürünc medal uğrunda güləşəcək.
Cəfər Cəfərov (45 kq) təsnifat mərhələsində Əbubəkr Gürə 8:9 hesabı ilə məğlub olub.
İsmayıl Rəhimli (71 kq) monqolustanlı Bilguundalay Purevdaqvaya tam üstünlüklə (10:0) qalib gəlsə də, dörddəbir finalda rusiyalı İslam Kajarova uduzub (0:4).
Səid Paşayev (92 kq) isə səkkizdəbir finalda yaponiyalı Genki Hokiyə müqavimət göstərə bilməyib - 3:14.
Facebook-da paylaş