“Beşiktaş”ın 3 futbolçusu “Neftçi” ilə oyunu buraxa bilər
Türkiyənin “Beşiktaş” klubunun üç futbolçusu UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Neftçi” ilə keçiriləcək ilk oyunu buraxa bilər.
BrendSport.az xəbər verir ki, bu barədə İstanbul nəhənginin baş məşqçisi Şenol Günəş yerli mətbuata açıqlamasında deyib.
O bildirib ki, hücumçu Cenk Tosun və əlcəzairli yarımmüdafiəçi Raşid Qezzal növbəti həftənin əvvəlindən məşqlərə başlayacaqlar. Onların Bakıdakı matçda oynayıb-oynamayacaqları hazırlıq durumlarından asılı olacaq.
Həmçinin, II raund çərçivəsində “Tirana” (Albaniya) ilə ötən gün keçirilən cavab görüşündə zədələnərək əvəzlənən yarımmüdafiəçi Necip Uysalın durumuna tibbi müayinədən sonra aydınlıq gələcək.
Qeyd edək ki, avqustun 10-da “Neftçi Arena”da keçiriləcək “Neftçi” - “Beşiktaş” oyunu saat 21:00-da başlayacaq.
Facebook-da paylaş