Azad Rəhimov: Formula 1 Azərbaycan Qran-Prisi yerli şirkətlər üçün yeni imkanlar açır
Formula 1 dəyişən və inkişaf edən idman növüdür və yarışın təşkil olunduğu ölkələr üçün yeni imkanlar açır. İdmanın bu növü ev sahibi ölkələrin iqtisadiyyatına müsbət təsir göstərir. Bütün bunları nəzərə alaraq, qarşılıq razılıq əsasında Azərbaycan Qran-Prisinin 2023-cü ilədək keçirilməsi ilə bağlı müqavilə imzaladıq.
BrendSport.az xəbər verir ki, bu sözləri fevralın 5-də Bakıda təşkil olunan mətbuat konfransında Formula 1 Qrupunun baş icraçı direktoru Çeyz Keri deyib.
O bildirib ki, yaxın vaxtlarda Formula 1-də inqilabi dəyişikliklər gözlənilmir. Əsas dəyişiklik 2021-ci ilə nəzərdə tutulub. Belə ki, bolidlərin aerodinamikası artırılacaq. Bu da yarışlara həyəcan qatacaq və azarkeşlərin idmanın bu növünə marağını daha da artıracaq.
“Şəhər traslarında təşkil olunan Formula 1 yarışları daha baxımlı olur. Bakı şəhər halqası ilə yanaşı, Sinqapur, Monako və Montsa Qran-priləri də unikallığı ilə seçilir. 2020-ci ildə şəhər traslarında təşkil olunan yarışlara daha biri – Vyetnam Qran-Prisi də əlavə olunacaq. Bu tipli yarışlarda şəhərin enerjisi və Formula 1 sevərlərin azarkeşliyi yarışla vəhdət təşkil edir”, - deyə Ç.Keri əlavə edib.
İmzalanmış yeni müqavilənin əhəmiyyətini yüksək qiymətləndirən gənclər və idman naziri Azad Rəhimov qeyd edib ki, Azərbaycan Qran-Prisi yerli şirkətlər üçün yeni imkanlar açır. Onların beynəlxalq arenaya inteqrasiyası üçün bu yarış çox əlverişlidir. Dənizkənarı Milli Parkda yaradılan “F1 Şəhərciyi”ndə şirkətlər öz stendlərini yerləşdirir, məhsullarını təbliğ edir, həmçinin yeni əməkdaşlıqların qurulması istiqamətində addımlar atırlar.
“Gələcəkdə Azərbaycan pilotlarının da Formula 1-də iştirak etmələri mümkündür. Hazırda ölkəmizdə idmançıların yetişməsi üçün kartinq fəaliyyət göstərir. Həmçinin Azərbaycan Avtomobil Federasiyası da bu istiqamətdə işlər aparır”, - deyə nazir diqqətə çatdırıb.
Facebook-da paylaş