"Qarabağ" Avropa Liqasının qrup mərhələsində
Bu gün Avropa Liqasında qrup mərhələsinə vəsiqə qazanan komandalar bəlli olub. Turnirdə yeganə təmsilçimiz olan “Qarabağ” da pley-offda cavab oyununa çıxıb.
Komandamız Bakıda Moldovanın “Şerif” klubunu qəbul edib. Tiraspolda keçirilən ilk görüşdə rəqibinə 0:1 hesabı ilə uduzan Ağdam təmsilçisi mərhələni keçmək üçün mütləq sərfəli hesabla qalib gəlib gəlməli idi.
Oyuna sürətlə başlayan komandamız artıq görüşün 9-cu dəqiqəsində Maksim Medvedevin qoluyla (1:0) ümumi nəticəni bərabərləşdirib.
Bu qoldan sonra da hücumlarını davam "Qarabağ" oyunun 42-ci dəqiqəsində Donald Gerryenin gözəl baş zərbəsi ilə hesabı 2:0 edib. Komandalar fasiləyə bu hesabla gedib.
Fasilədən sonra da oyunun ümumi ssenarisi dəyişməyib. Qola doymayan təmsilçimiz görüşün 55-ci dəqiqəsində Filip Ozobiçin mükəmməl zərbəsi ilə hesabı 3:0 edib.
Bundan sonra bir az sakitləşən komandamız rəqibə də oynamağa imkan yaradıb. Bundan ruhlanan "Şerif" bir neçə qol vəziyyəti yaratsa da, qapıçımız Vaqner yaxşı oyun nümayiş etdirərək qola imkan verməyib.
Beləliklə, 3:0 hesabı ilə inamlı qələbə qazanan "Qarabağ" Avropa Liqasının qrup mərhələsində iştirak etmək hüququ qazanıb.
Xatırladaq ki, “Qarabağ” bununla da 4-cü dəfədir Avroliqanın qrup mərhələsinə vəsiqə qazanır. Ötən mövsüm isə təmsilçimiz Azərbaycan futbolu tarixində ilkə imza ataraq Çempionlar Liqasının qrupunda oynayıb.
30 avqust
Avropa Liqası
Pley-off mərhələsi
21:00. "Qarabağ” (Azərbaycan) – "Şerif” (Moldova) - 3:0 (İkinci hissə)
Qollar: Maksim Medvedev, 9, Donald Gerrye, 42, Filip Ozobiç, 55
İlk oyun – 0:1
Facebook-da paylaş