Faydalı saytlar


Reklam



Şəhidlərin xatirəsinə həsr olunmuş respublika turniri



BrendSport.az saytı xəbər verir ki, Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında respublika turnirinə start verilib.

Atletika idman növü üzrə Gəncə şəhər Mərkəzi Stadionunda, voleybol üzrə Qusar Olimpiya İdman Kompleksində, basketbol üzrə Şirvan Olimpiya İdman Kompleksində, mini futbol üzrə Lənkəran Olimpiya İdman Kompleksində turnirin zona mərhələsinin açılışı olub. Tədbirdə tərəfdaş qurumların yerli idarəetmə orqanlarının nümayəndələri, təhsil, idman ictimaiyyəti iştirak edib.

Zona mərhələsinin nəticələrinə görə, atletika üzrə I yerə Bərdə rayonu, II yerə Gəncə şəhəri, III yerə Yevlax şəhərinin məktəbliləri, voleybol üzrə I yerə Abşeron rayonu, II yerə Qusar rayonu, III yerə Sumqayıt şəhərinin məktəbliləri, basketbol üzrə I yerə Şirvan şəhəri, II yerə Füzuli rayonu, III yerə Hacıqabul rayonunun məktəbliləri, mini futbol üzrə I yerə Cəlilabad rayonu, II yerə Lənkəran şəhəri, III yerə Biləsuvar rayonunun şagirdləri layiq görülüb.

Turnirin əsasnaməsinə uyğun olaraq zona yarışlarında I və II yeri tutan komandalar final mərhələsinə vəsiqə qazanıb.

Yarışların zona mərhələsinin qaliblərinə diplomlar təqdim edilib.

Olimpiya sistemi üzrə 6 zonada keçiriləcək turnirdə 4 idman növü üzrə ümumilikdə respublikanın bütün rayon və şəhərindən 2000-dən çox məktəbli iştirak edir.

Təhsil, Gənclər və İdman nazirlikləri, Milli Olimpiya Komitəsi, Azərbaycan Məktəb İdmanları Federasiyasının təşkilatçılığı ilə 2021-ci ilin may-iyun aylarında keçiriləcək yarışlarda Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən bütün rayon və şəhər ümumi təhsil müəssisələrinin şagirdləri mini futbol (13-14 yaş), atletika (13-14 yaş), voleybol (oğlanlar, 14-15 yaş), basketbol (oğlanlar,14-15 yaş) idman növləri üzrə iştirak edəcək.

Qeyd edək ki, Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında respublika turnirinin keçirilməsində məqsəd onların xatirəsini yad etmək, şəhidlərimizin xatirəsini əbədiləşdirmək, yeniyetmələr arasında vətənpərvərlik hissini gücləndirmək, ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sağlam həyat tərzinə istiqamətləndirmək, onların asudə vaxtının səmərəli təşkili, idmana olan marağının artırılması, ümumtəhsil məktəblərinin idman sahəsində sinifdənxaric və məktəbdənkənar fəaliyyətlərinin qiymətləndirilməsindən ibarətdir.

Turnir “COVID19” pandemiyası ilə əlaqədar xüsusi karantin rejimi qaydalarına uyğun olaraq həyata keçirilir.


Facebook-da paylaş