“Aviasiya təhlükəsizliyi mənim üçün sadəcə bir seçim deyil, bir arzunun davamıdır” — Səma Yusibli

Son illərdə gənclər arasında texnoloji və strateji əhəmiyyət daşıyan ixtisaslara maraq artmaqdadır. Bu istiqamətlərdən biri də aviasiya təhlükəsizliyi mühəndisliyidir — yüksək məsuliyyət, dəqiqlik və milli təhlükəsizliyə xidmət tələb edən bir sahə.
BrendSport.az informasiya portalının Gənclər şöbəsi xəbər verir ki, Milli Aviasiya Akademiyasının Aviasiya təhlükəsizlik mühəndisliyi (tədris ingilis dilində) ixtisasının tələbəsi Səma Yusibli ‘‘Tehsil365’’ə açıqlamasında bu sahəni təsadüfən seçmədiyini deyir. Tələbə açıqlamasında bildirib ki, bu sahə onun üçün sadəcə bir ixtisas deyil, illərlə qurduğu arzunun davamıdır:
“Aviasiya təhlükəsizliyi sahəsində oxumaq mənim üçün sadəcə bir seçim deyil, bir arzunun davamıdır. Hər gün yeni biliklər öyrənirəm və başa düşürəm ki, bu sahə nə qədər önəmlidir. Aviasiya təhlükəsizliyi insanların həyatını qorumaqla yanaşı, ölkənin strateji təhlükəsizliyinin bir hissəsidir.”
Tələbə qeyd edir ki, akademiyada tədris həm nəzəri, həm də praktiki əsaslarla aparılır:
“Akademiyada həm nəzəri, həm də praktiki biliklərə böyük diqqət ayrılır. Müəllimlərimiz çox təcrübəlidir və dərsləri elə maraqlı şəkildə aparırlar ki, özünü real hava limanı şəraitində hiss edirsən. Xüsusilə laboratoriya məşğələləri və staj proqramları bizə gələcək iş mühitini tanımaq imkanı verir.”
O, həmçinin təhsil aldığı mühitin tələbələrdə həm bilik, həm də özünəinam formalaşdırdığını vurğulayıb:
“Burada təkcə dərs yox, həm də komanda işi, tədbirlər, yarışlar var. Biz həm öyrənirik, həm də bir-birimizi dəstəkləməyi bacarırıq. Bu mühit insanı həm bilikli, həm də özünə inamlı edir.”
Gələcək planlarından danışan gənc tələbə məqsədini aydın şəkildə ifadə edib:
“Mən gələcəkdə aviasiya təhlükəsizliyi üzrə mütəxəssis kimi ölkəmə xidmət etmək, hava nəqliyyatı sahəsində təhlükəsizlik sistemlərinin təkmilləşdirilməsində iştirak etmək istəyirəm. Bu, mənim həm məqsədim, həm də məsuliyyətimdir.”
Səma Qarayeva
Facebook-da paylaş
