İngiltərə Premyer Liqası: "Çelsi" "Nyukasl"ı minimal hesabla məğlub edib
Yanvarın 12-də İngiltərə Premyer Liqasının 22-ci turun oyunları keçirilib.
BrendSport.az xəbər verir ki, iki oyunda qələbə qazana bilməyən "Çelsi" doğma azarkeşlər önündə "Nyukasl" komandasını qəbul edib. "Stenford Bric" stadionunda keçirilən görüşdə hesabı meydan sahibləri 9-cu dəqiqədə açıb. Londonluların mərkəz müdafiəçisi David Luizin ötürməsi nəticəsində qapıçı ilə təkbətək çıxan Pedro oyunda ilk qola imza atıb. Matçın 27-ci dəqiqəsində "Çelsi"ın əsas qol silahı sayilan Eden Hazardın uzaq məsafədən vurduğu zərbə qapı tirinə dəyib.
Qarşılaşmanın 40-ci dəqiqəsində meydan sahiblərini əks-hücumda yaxalayan qonaqlar hesabı bərabərləşdirib. Mat Ritçinin cinah ötürməsini Ciaran Klark dəqiq zərbə ilə tamamlayıb - 1:1.
Görüşün ikinci hissəsində hücumların kəsərin artıran "Çelsi" 57-ci dəqiqədə qələbə topunu vurmağa nail olub. Vilyam adını tabloya yazdırıb - 2:1. Qalan dəqiqələrdə hər iki komandanın cəhdlərinə baxmayaraq hesab dəyişilməyib.
Turnir cədvəlin lideri "Liverpul" səfərdə "Brayton" komandasını 0:1 hesabı ilə məğlub edib. Komandaya qələbəni misirli futbolçu Məhəmməd Salahın 50-ci dəqiqədə penalti zərbəsindən vurduğu qol qazandırıb.
Turun gözlənilməz hesabı isə London stadionunda qeydə alınıb. Premyer Liqanın iddialı klublarından sayilan "Arsenal" səfərdə "Vest Ham" komandasına məğlub olub (1:0).
Turun digər oyunlarında qeydə alınan nəticələr:
"Börnli" - "Fulhem" - 2:1;
"Kardif Siti" - "Haddersfild" - 0:0;
"Kristal Palas" - "Votford" - 1:2;
"Lester Siti" - "Southempton" - 1:2;
İngiltərə Premyer Liqasının 22-ci turuna yanvarın 13-də "Everton"-"Bormunt", "Tottenhem"-"Mançester Yunayted", yanvarın 14-də isə "Mançester Siti"-"Volverhempton" qarşılaşmaları ilə yekun vurulacaq.
Hazırda 22 oyundan 57 xal toplayan "Liverpul" turnir cədvəlinin birinci pilləsini tutur. Onun ən yaxın izləyicisi "Mançester Siti"nin isə 21 oyundan sonra 50 xalı var.
Facebook-da paylaş