La Liqa: “Real Madrid” cari mövsümdə altıncı dəfə məğlub olub
Noyabrın 24-də İspaniya La Liqasının 13-cü turunun ikinci oyununda “Real Madrid” səfərdə “Eybar” komandası ilə qarşılaşıb.
BrendSport,az xəbər verir ki, görüşün favoriti sayılan Madrid təmsilçisi gözlənilmədən məğlub olub – 3:0.
Matçda hesabı meydan sahibləri açıblar. Qonzalo Eskalante cinah ötürməsini dəqiq zərbə ilə tamamlayıb – 1:0. Qoldan sonra irəli atılan “kral klubu” rəqibin qapısı qarşısında bir neçə təhlükəli vəziyyət yaratsa da, ilk hissədə hesab dəyişməyib.
Fasilədən sonra hesabı bərabərləşdirmək üçün təzyiqi daha da artıran paytaxt təmsilçisini əks-hücumlarda yaxalayan ev sahibləri 5 dəqiqədə iki dəfə fərqləniblər. Belə ki, matçın 52-ci dəqiqəsində Sergi Enriç, beş dəqiqə sonra isə Kike adlarını tabloya yazdırıblar.
Qalan dəqiqələrdə başqa qol olmayıb və matç “Eybar”ın 3:0 hesablı qələbəsi ilə başa çatıb. Bu, “Real Madrid”in cari mövsümdə altıncı məğlubiyyəti olub.
Kral klubunun əzəli rəqibi “Barselona” bu gün Bakı vaxtı ilə saat 23:45-də “Atletiko Madrid” klubunun qonağı olacaq.
İspaniya çempionatının açılış matçında “Leqanes” öz meydanında “Deportivo Alaves”i minimal hesabla məğlub etmişdi.
Hazırda La Liqaya 24 xalla “Barselona” liderlik edir. “Sevilya”, “Atletiko Madrid” və “Deportivo Alaves”in 23 xalı var. “Espanyol” 21 xalla beşinci, “Real Madrid” isə 20 xalla altıncıdır.
Facebook-da paylaş