Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Alpaqut Turan döyüş sənəti üzrə birinci dünya çempionatının açılış mərasimi keçirilib



Noyabrın 24-də “Sərhədçi” İdman Olimpiya Kompleksində keçirilən alpaqut Turan döyüş sənəti üzrə birinci dünya çempionatının açılış mərasimi keçirilib.

BrendSport.az xəbər verir ki, iştirakçı komandaların paradından sonra Dədə Qorqud və Şaman çıxış edərək idmanın bu növü üzrə ilk dünya çempionatının təşkilatçılarına və atletlərə uğurlar diləyib, xeyir-dua veriblər.

Sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Dünya Alpaqut Federasiyasının birinci vitse-prezidenti, Milli Məclisin deputatı Qənirə Paşayeva müasir müstəqil Azərbaycanda bütün sahələr kimi, idmanın da sürətlə inkişaf etdiyini bildirib. Ölkəmizdə mötəbər idman yarışlarının yüksək səviyyədə təşkil olunduğunu qeyd edən Q.Paşayeva alpaqut üzrə ilk dünya çempionatının Azərbaycanda təşkilinin sevindirici hal olduğunu bildirib. Çempionatın alpaqut Turan döyüş sənətinin inkişafına və təbliğinə mühüm töhfə verəcəyinə əminliyini vurğulayan deputat qeyd edib ki, idman təkcə yarış deyil, həm də xalqlar arasında dostluq, qardaşlıq və həmrəyliyi gücləndirən vasitədir. “Dünya Alpaqut Federasiyasına daxil olan federasiyalar, idman qurumları, klub və cəmiyyətlər böyük bir ailənin üzvləridir. Əminəm ki, ölkəmizə gələn idmançılar, nümayəndə heyətləri bu yarışdan böyük zövq alacaqlar. İdmanda məğlubiyyət də, qələbə də olur. Əsas odur ki, idmançılar meydanda hünərlərini nümayiş etdirirlər. Ən böyük arzumuz növbəti dünya çempionatını işğaldan azad edəcəyimiz Azərbaycan torpağında – Qarabağda keçirməkdir”, - deyən Q.Paşayeva idmançılara uğurlar arzulayıb.

Gənclər və İdman Nazirliyinin nümayəndəsi Firudin Paşayev, Azərbaycan Döyüş Federasiyaları Assosiasiyasının prezidenti Azər Həsənsoy, Azərbaycan Alpaqut Federasiyasının prezidenti Qüdrət Nuriyev, alpaqut Turan döyüş sənətinin qurucusu, beynəlxalq dərəcəli idman ustası-kutsan Vasif Namazov çıxışlarında ölkəmizdə alpaqut üzrə ilk dünya çempionatının Azərbaycanda təşkilinin önəmini vurğulayıblar. Natiqlər idmanın bu növünün inkişaf etdiyi Azərbaycanda gələcəkdə daha güclü alpaqutçuların yetişəcəklərinə əminliklərini bildiriblər.

Açılış çıxışlarından sonra mərasim bədii hissə ilə davam edib.

Noyabrın 25-də yekun vurulacaq dünya çempionatında bütün yaş qrupları üzrə 18 ölkədən - Azərbaycan, Türkiyə, Almaniya, Pakistan, Ukrayna, Əfqanıstan, Macarıstan, İran, Hindistan, Gürcüstan, Nepal, Qırğızıstan, Qazaxıstan, Rusiya, Kamerun, Türkmənistan, Nigeriya, Özbəkistandan 500-dək idmançı qüvvəsini sınayır. İdmançılar aypara, batur, caymaz, və qurşaq sistemləri üzrə medallar uğrunda mübarizə aparırlar.

“Alpaqut” sözünün mənası “müqəddəs döyüşçü” deməkdir. Alpaqut Turan coğrafiyasında yaşayan, türk xalqlarının ortaq mədəni dünyagörüşünü təmsil və təbliğ edən, eləcə də milli döyüş ənənələrini inkişaf etdirən, xüsusilə qədim türklərin döyüş mədəniyyətini müasir döyüş sənəti üzərində sistemləşdirən və dərin fəlsəfi-ideoloji məna dayısan idman növüdür. Alpaqut döyüş sənətinin yarış qaydaları dörd sistemdən- aypara, batur, caymaz və qurşaqdan ibarətdir.

Alpaqut idmanı türk döyüş sənətləri üzrə tədqiqatçı, beynəlxalq dərəcəli idman ustası kutsan Vasif Namazov tərəfindən türkdilli xalqların qədim döyüş sənətinin müasir döyüş növləri ilə sintezləşdirilməsi ilə yaradılıb.

Dünya Alpaqut Federasiyasının prezidenti, Milli Məclisin deputatı Nizami Cəfərovdur. Federasiya 2014-cü ildən başlayaraq bir neçə beynəlxalq tədbir və yarışlar təşkil edib. Federasiyanın Azərbaycan başda olmaqla, Almaniya, Böyük Britaniya, Qırğızıstan, Çexiya, Türkiyə, Gürcüstan, İran, Pakistan, Hindistan, Livan, Macarıstan, Ukrayna, Əlcəzair, Qazaxıstan, Qırğızıstan, Nepal, Özbəkistan və Rusiya üzrə rəsmi nümayəndəlikləri fəaliyyət göstərir.


Facebook-da paylaş

Xəbəri paylaş