Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Karate üzrə yeniyetmə və gənclərin 19-cu, böyüklər arasında 26-cı Azərbaycan çempionatının açılış mərasimi olub




Noyabrın 24-də Bakı İdman Sarayında karate üzrə yeniyetmə və gənclərin 19-cu, böyüklər arasında isə 26-cı Azərbaycan çempionatının açılış mərasimi keçirilib.

BrendSport.az xəbər verir ki, əvvəlcə iştirakçıların paradı olub.

Mərasimdə əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Milli Karate Federasiyasının (AMKF) prezidenti Yaşar Bəşirov mərasimdə çıxış edərək ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından danışıb. Federasiya prezidenti bildirib ki, yarış növbəti il üçün heyəti formalaşdırmaq baxımından mühüm əhəmiyyət daşıyır. Çempionatın qalibləri milli komandanın heyətinə cəlb olunacaq və gələn il keçiriləcək mötəbər turnirlərdə ölkəmizi təmsil edəcəklər. Hazırda dünyada karate idmanında böyük rəqabət var. Azərbaycan 200 ölkə arasında ilk beşlikdə qərarlaşıb və bu, çox yaxşı göstəricidir. Hər bir ölkə “Tokio 2020” Yay Olimpiya Oyunlarına daha çox lisenziya qazanmaq istəyir. Bu, bizim də əsas hədəfimizdir.

“Azərbaycan karateçiləri beynəlxalq arenada ciddi rəqib kimi qəbul olunurlar. Sevindirici haldır ki, bizim Rafael Ağayev kimi titullu karateçimiz var. Onun medal kolleksiyasında yalnız Olimpiya medalı yoxdur. İnanırıq ki, Rafael Ağayev Tokio Olimpiadasında bu medalı da kolleksiyasına əlavə edərək bizi sevindirəcək”, - deyə Y.Bəşirov vurğulayıb.

Milli komandamızın lisenziya xarakterli turnirlərə ciddi hazırlaşacağını deyən federasiya rəsmisi çempionatı açıq elan edib.

Sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Tədbirdə çempionatın görüşlərini idarə etmək üçün Türkiyə, Gürcüstan, Qazaxıstan və İrandan dəvət olunmuş hakimlərə xatirə hədiyyələri verilib.

Açılış mərasiminə karateçilərin nümunəvi çıxışları ilə yekun vurulub.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Karate-Do Federasiyaları Assosiasiyasının və AMKF-nin birgə təşkil etdiyi çempionatda respublikanın müxtəlif bölgələrindən uşaqlar, yeniyetmələr, gənclər və böyüklər mübarizə aparırlar.

Yarışa noyabrın 25-də yekun vurulacaq.


Facebook-da paylaş

Xəbəri paylaş