Paytaxtımızda dünya kuboku yarışları start götürdü
Azərbaycan Gimnastika Federasiyası idmanın bu növü üzrə beynəlxalq turnirə ev sahibliyi edir.
Noyabrın 17-də Milli Gimnastika Arenasında akrobatika üzrə Bakıda ilk dəfə dünya kuboku yarışları başlayıb.
İki gün davam edəcək yarışlarda 2003-cü il təvəllüdlü və daha yuxarı yaşlı gimnastlar kişi və qadın cütlükləri, qarışıq cütlüklər, qadın və kişi qruplarının tərkibində mübarizə aparacaqlar.
Turnirdə Azərbaycan gimnastları ilə yanaşı, Belarus, İsrail, Qazaxıstan, Hindistan, Rusiya və Ukrayna atletləri də iştirak edirlər.
Ölkəmizi kubok yarışlarında sonuncu Avropa çempionatının bürünc medalçıları, qarışıq cütlüklərimiz Abdulla Əl-Məşayxi – Ruhidil Qurbanlı, Ağasif Rəhimov – Nurcan Cabbarlı təmsil edirlər. Kişi cütlükləri proqramında isə Dünya Yaş Qrupu Yarışlarının (2016-cı il) gümüş medalçıları Seymur Cəfərov – Murad Əkbərov ən yaxşı yerlər uğrunda mübarizə aparırlar.
Turnirdə ən yüksək xal toplamış cütlüklərə və qruplara ənənəvi "AGF Trophy” kuboku da təqdim olunacaq.
Facebook-da paylaş